EURO 1,9459 NEFT 66,78
USD 1,7 RUB 0,0259

İmam Əli (ə) kimdir? (II hissə)

İmam Əli kimdir?

Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyatı
*Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) qucağında
*İlk müsəlman olmuş şəxs
*Böyük bir şücaət
*Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi
*İki əsas yol ayrıcı
*Üç cəbhədə mübarizə

 

 

Əvvəli burada

 

 

Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi

 

İyirmi ildən artıq idi ki, İslam dini Hicazda ərəblərin müşrik qəbilələri arasında şirk və bütpərəstliyin ziddi olaraq yayılmışdı. Bu müddətdə ərəblərin demək olar ki, hamısı İslamın büt və bütpərəstlik haqqındakı məntiqindən xəbərdar olmuş və bilirdilər ki, bütpərəslik əcdadlardan kor-korana təqlid etməkdən başqa bir şey deyil, onların (əcdadların) sitayiş etdiyi bütlər o qədər ləyaqətsizdirlər ki, nəinki başqaları üçün bir iş görə bilməzlər, hətta özlərindən belə təhlükəni uzaqlaşdırmağa qadir olmayıb yaxud da özlərinə bir xeyir yetirə bilməzlər. Ona görə də, bu cür ləyaqətsiz bütlərə sitayiş etməyə dəyməz.

Vicdanı ayıq və qəlbi təmiz olanlar Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözlərini eşitməklə öz həyatlarında böyük dəyişikliklər etdilər və bütpərəstlikdən əl götürüb tövhidə (təkallahlığa) tərəf gəldilər. Xüsusən Peyğəmbər (səlləllahu əleyhi və alih) Məkkəni fəth etdikdən sonra din təbliğatçıları dini aşkar şəkildə azad bir mühitdə təbliğ etməyə başladılar. Nəticədə Hicazın bir çox şəhər, qəsəbə və kəndlərində bütlər sındırıldı və ürəkaçan tövhid və haqq nidası hər tərəfdə eşidilməyə başladı. Ancaq inadkar və nadan insanlar öz keçmiş adət-ən’ənələrindən əl çəkə bilmir və bütpərəstlikdən əl götürmək onlara çox çətin gəlirdi. Onlar öz vicdanlarının əksinə hərəkət edərək öz çirkin adətlərindən əl çəkmir və onlarla əxlaqi və ictimai pozğunluqlara səbəb olan bu cür işlərdən itaət edirdilər. Buna görə də, əziz Peyğəmbər (səlləllahu əleyhi və alih) hər cür bütpərəstlik və qeyri-insani hərəkətlərə qarşı nizami qoşun yeritməklə və qüdrətə arxalanmaqla əxlaqi və ictimai pozğunluqların mənşəyi olan, daha doğru desək, insaniyyət məqamının hörmətini aradan aparan bütpərəstliyi birdəfəlik məhv etmək istəyirdi.

Bununla həmzaman olaraq Qur’anın «Bəraət» (Tövbə) surəsi nazil oldu. Bu surənin nazil olması ilə əlaqədar Peyğəmbərə (səlləllahu əleyhi və alih) Allah-taalanın və peyğəmbərin müşriklərdən zəhləsi getdiyini dünyanın hər tərəfindən Məkkəyə gələn hacıların arasında həcc mərasimində e’lan etməsi tapşırılır. Uca səslə Hicaz müşriklərinə bildirilməlidir ki, dörd ay müddətində məsələni həll etsinlər. Əgər dönüb müsəlman olurlarsa, onda digər müsəlmanlara qoşulub İslamın maddi və mə’nəvi ne’mətlərindən bəhrələnəcəklər. Yox əgər öz inadkarlıqlarına davam edib bütpərəstlikdə qalsalar, onda dörd aydan sonra (haram aylar çıxdıqdan sonra) döyüşə hazırlaşsınlar. Bunu da bilsinlər ki, nə vaxt harada tutulsalar dərhal öldürüləcəklər.

«Bəraət» surəsi elə bir vaxtda nazil oldu ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) həcc mərasiminə getmək fikri yox idi. Çünki ondan bir il qabaq – Məkkənin fəth olunduğu ildə Allah evini ziyarət etmiş və bir də gələn il (sonralar bu ziyarət «Həccətül-vida» (vida həcci) adlandırıldı) həccə ziyarətə getmək istəyirdi. Buna görə də, Allahın hökmünü çatdırmaq üçün bir nəfəri Məkkəyə göndərməli idi. Peyğəmbər (səlləllahu əleyhi və alih) əvvəl Əbu Bəkri yanına çağırıb «Bəraət» surəsinin ilkin ayələrini ona öyrətdi və onu qırx nəfərlə Məkkəyə göndərdi. Tapşırdı ki, Qurban bayramı günü bu ayələri müşriklərə oxusun. Əbu Bəkr Məkkəyə təzəcə yola düşmüşdü ki, vəhy nazil olub Peyğəmbərə (səlləllahu əleyhi və alih) əmr edildi ki, bu xəbəri ya peyğəmbərin özü, ya da peyğəmbərdən olan bir nəfər müşriklərə çatdırmalıdır. Bu iki nəfərdən başqa heç kimin bu işə səlahiyyəti çatmır.

Vəhy baxımından Peyğəmbərdən (səlləllahu əleyhi və alih) olan və bu xəbərin çatdırılması ona həvalə olunan şəxs kim ola bilər? Vaxt ötmədən Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı çağırtdırıb ona əmr etdi ki, Məkkəyə tərəf yola düşsün və yolda Əbu Bəkri görüb ayələri ondan alsın. Həmçinin, ona desin ki, peyğəmbərə vəhy gəlib bildirildi ki, bu ayələri ya Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü, ya da ondan olan bir nəfər müşriklərə oxumalıdır. Buna görə də, bu ayələri oxumaq mənə həvalə edilmişdir.

Əli (əleyhissəlam) Cabir və Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrinin bir dəstəsi ilə Peyğəmbərə (səlləllahu əleyhi və alih) məxsus dəvəyə minib Məkkəyə yola düşdü. Əli (əleyhissəlam) yolda Əbu Bəkri görüb Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğunu ona dedi. Əbu Bəkr də ayələri Əli əleyhissəlama təhvil verdi. Əli (əleyhissəlam) Məkkəyə daxil olub zil-həccə ayının onu (Qurban bayramı günü) Cəməreyi-Əqəbənin üstünə çıxıb uca səslə «Bəraət» surəsinin ilk ayələrini və Peyğəmbərin (səlləllahu əleyhi və alih) dörd maddədən ibarət xəbərdarlığını müşriklərə çatdırdı.[44]

Bunu eşidən müşriklər başa düşdülər ki, artıq onların cəmi dörd ay vaxtları qalıb ki, İslam hökumətinə qarşı öz münasibət və fikirlərini bildirsinlər.

Qur’an ayələri və Peyğəmbərin (səlləllahu əleyhi və alih) xəbərdarlığı müşriklərdə böyük tə’sir qoydu və dörd ay keçməmiş onlar dəstə-dəstə İslam dinini qəbul etdilər. Hicrətin onuncu ili qurtarmamış Hicazda bütpərəsliyin kökü kəsildi.

Əbu Bəkr ayələri Əli əleyhissəlama təhvil verdikdən sonra narahat halda Mədinəyə qayıtdı. Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib gileylənərək dedi: “Nə oldu ki, əvvəl məni bu iş (Allahın hökmünü müşriklərə çatdırmaq) üçün layiq gördün, bir az keçməmiş məni bu işdən saxladın? Bu barədə Allahdan bir hökümmü nazil oldu?”

Peyğəmbər (səlləllahu əleyhi və alih) cavab verdi ki, vəhy mələyi nazil olub bildirdi ki, bu iş üçün mənim özüm, ya da özümdən olan bir şəxsdən başqa heç kimin səlahiyyəti çatmır.[45]

 

4. Peyğəmbərin (s) vəfatından Əli əleyhissəlamın zahiri xilafətinədək

 

Bu bölməyə başlamazdan əvvəl xatırladırıq ki, İmamət məsələsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından (hicrətin on birinci ili səfər ayının iyirmi səkkizi) İmam Həsən Əskəri əleyhissəlamın vəfatınadək (hicrətin iki yüz altımışıncı ili rəbbiül-əvvəl ayı) təxminən dörd mərhələdən ibarətdir. Hər mərhələ İmamların dövrün hakiminə qarşı tutduqları mövqelərə əsasən bir sıra xüsusiyyətlərə malikdir. Bu dörd mərhələ aşağıdakılardır:

1) İmamın səbr etməsi və ya dövrün hakimləri ilə yola getməsi mərhələsi.

Bu mərhələ Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından (18-ci hicri ili) Əli əleyhissəlamın zahiri xilafətinə qədərki (35-ci hicri ili) dövrünü əhatə edir.

2) Əli əleyhissəlamın xilafət başına gəlməsi mərhələsi. Bu mərhələ Əli əleyhissəlamın dörd il doqquz ay, ondan sonra isə İmam Həsən əleyhissəlamın bir neçə aylıq xəlifəliyini əhatə edir. Bu mərhələnin az müddət olmasına baxmayaraq bu iki İmam (Əli (əleyhissəlam) və Həsən (əleyhissəlam)) bir çox çətinliklərlə üzləşmiş, İslamın müxtəlif düşmənləri tərəfindən təzyiqlərə mə’ruz qalmışdır, ancaq bununla belə, bu mərhələ İslam hökumətinin ən parlaq mərhələsi hesab olunur.

3) Həqiqi İslam hökuməti və dövlət quruluşu qurmaq üçün aparılan az müddətli sə’ylər mərhələsi. Bu mərhələ İmam Həsən əleyhissəlamın sülhündən (hicrətin qırx birinci ili) İmam Hüseyn əleyhissəlamın şəhadətinə qədər (hicrətin altımış birinci ili məhərrəm ayına qədər) olan iyirmi ili əhatə edir. İmam Həsən əleyhissəlamın sülhündən sonra şiənin yarımgizli işi başlamış və məqsədi, hökumətin münasib fürsətdə Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə qaytarılması olan proqramlar hazırlanmışdı. Bu imkan elə də çətin şey deyildi. Yə’ni, Müaviyənin ölümündən sonra bu işi həyata keçirmək olardı.

4) Nəhayət dördüncü mərhələ həmin məqsədin və proqramların uzun müddət davam etməsi mərhələsi. Bu mərhələnin iki əsrə yaxın müxtəlif sahələrində bir sıra müvəffəqiyyətlər və uğursuzluqlar əldə olmuş, ideoloji işlərdə, yüzlərlə münasib taktikalarda və minlərlə ixlas və şücaətlə dolu işlərdə qəti uğurlar əldə edilmişdir.

 

Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatı və İmamət məsələsi

 

Əli (əleyhissəlam) Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra İslam hökumətini idarə etmək üçün ən səlahiyyətli şəxs olmuşdur. İslam aləmində Peyğəmbərdən (səlləllahu əleyhi və alih) başqa heç kəs fəzilət, təqva, fiqh, hökumət (qəzavət), Allah yolunda cihad etmək və bu kimi gözəl xüsusiyyətlərdə Əli əleyhissəlama çatmazdı. Məhz bu üstünlüklərə görə Əli (əleyhissəlam) dəfələrlə Allah və Peyğəmbər tərəfindən müsəlmanların gələcək rəhbəri tə’yin olunmuşdu. Onların hamıdan əsası «Qədir Xum» hadisəsidir. Buna görə də, Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra ehtimal verilirdi ki, Əli (əleyhissəlam) hökumətə gələrək müsəlmanlara başçılıq edəcək. Ancaq heç də belə olmadı və xilafət yolu Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra tamamilə dəyişdi. Əli (əleyhissəlam) siyasi səhnədən və İslam hökumətinin idarə işlərindən uzaqlaşdırıldı.

 

İki əsas yol ayrıcı

 

Əli (əleyhissəlam) İslam hökumətinin təhrif olunmasına heç vaxt dözə bilməzdi və bu cür işin qarşısında sakit durmağı da ar sayırdı. Dəfələrlə sübutlar və mətin ehticacları (meydan oxuması) ilə xəlifə və onun ətrafındakıları tənqid atəşinə tutaraq onlara öz e’tirazını bildirirdi. Ancaq tarix və hadisələrin sonrakı cərəyanı göstərdi ki, bunların heç bir faydası yoxdur. Xəlifə və onun ətrafındakılar öz vəzifələrindən möhkəm yapışmışdılar. Belə olduqda Əli (əleyhissəlam) iki əsas yolayrıcında durmalı olur; Ya yeni hökuməti qanunsuz sayan öz həqiqi səhabələrinin və Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin həqiqi dostlarının köməyi ilə ayağa qalxmalı və qüdrətə arxalanaraq hökuməti ələ keçirməli, ya da bu vəziyyətə dözməli və mümkün olan qədər müsəlmanların müşkülatını həll etməli və öz vəzifəsini yerinə yetirməli idi. İlahi rəhbərlərin rəhbərlik məqamından məqsədləri vəzifəyə yetişmək deyil. Onların məqsədləri vəzifədən qat-qat üstün bir şeydir. Rəhbərin vücudu ona görədir ki, məqsədə çatmaqda sə’y etsin. Buna görə də, əgər bir gün rəhbər iki yolayrıcına çatıb vəzifə və məqsədin ikisindən birini buraxmalı olsa, gərək vəzifədən əl çəkib məqsədi vəzifədən üstün tutsun. Belə iki yolayrıcına çatan Əli (əleyhissəlam) ikinci yolu seçdi. O vəziyyətin gedişatı və İslam cəmiyyətinin vəziyyətini araşdırıb belə nəticəyə gəldi ki, əgər o, hökuməti ələ keçirmək üçün ayağa qalxıb mübarizə aparsa, Peyğəmbərin (səlləllahu əleyhi və alih) iyirmi üç il çəkdiyi bütün əziyyətlər heç olacaq, bu yolda tökülən bütün qanlar hədər gedəcək. Əli (əleyhissəlam) bu məsələyə «Şiqşiqiyyə» xütbəsində toxunaraq buyurur: «Mən xəlifəlik vəzifəsindən əl çəkdim, ondan kənar oldum. Mən bu fikirdə idim ki, təkbaşına ayağa qalxıb özümün və camaatın haqqını müdafiə edim, yoxsa bu cür qaynar bir mühitdə və belə bir zülmətdə səbr edim? Bu mühit qocaları əldən salmış, cavanları isə qocaltmışdır. İmanlı kişiləri ömrünün son anlarına qədər əziyyətdə qalmağa vadar etmişdir. (Nəhəyət) gördüm ki, səbr etmək ağıl və düşüncəyə daha yaxındır. Buna görə də, səbr etdim. Ancaq səbr edərkən gözünə tikan batmış, boğazına sümük qalmış şəxsə bənzəyirdim. Öz gözümlə görürdüm ki, mirasımı qəsb edirlər.»[46]

Əli (əleyhissəlam) İslam hökumətinin özünün əsl yolundan çıxmaması və İslam dininin əsasını qorumaq üçün səbr etdiyinə başqa yerlərdə də işarə etmişdir. O cümlədən, Osman xəlifə seçilərkən şuranın rə’yi Osmanın lehinə başa çatdıqdan sonra və o, xilafət başında oturduqdan sonra üzünü şuranın digər üzvlərinə tutub buyurdu: «Mənim xəlifə olmağa hamıdan səlahiyyətli olduğumu hamınız yaxşı bilirsiniz. And olsun Allah-taalaya ki, müsəlmanların işi nə qədər öz qaydasındadır və nə qədər məndən başqasına zülm olunmursa, səbr edəcəyəm.»[47]

 

Daxili və xarici təhlükələr

 

Qeyd etdik ki, Əli (əleyhissəlam) qiyam edib xilafəti ələ keçirdiyi təqdirdə irəli çıxacaq təhlükələri nəzərə alıb səbr etməli oldu. Ola bilər biri fikirləşsin ki, o vaxt yenicə təməli qoyulmuş İslam hökuməti üçün hansı təhlükələr ola bilərdi?

Bu sualın cavabını daxili və xarici təhlükələr və Əli əleyhissəlamın qiyam etməsinin qarşısını alan maneələrlə aydınlaşdırıb onları aşağıdakı şəkildə bə’yan etmək olar:

1) Əgər Əli (əleyhissəlam) xilafəti ələ keçirmək üçün qiyam etsəydi, özünün həqiqi dostlarını və qəlbən o Həzrətin İmamətinə e’tiqadları olan bir çox yoldaşlarını mübarizə nəticəsində itirəcəkdi.[48] Həmçinin Həzrət silahdaşlarının az olduğunu qiyama qalxa bilmədiyinin səbəbləri kimi vurğulayaraq bir yerdə belə deyir: “Kaş, qırx nəfər cəsur adamım olaydı!...”[49] Bundan əlavə, Əli əleyhissəlamın xəlifə olmasına razılıq verməyən peyğəmbərin səhabələri də arada qırılacaqdılar. Bu dəstənin xilafət məsələsində Əli əleyhissəlamla müxalif olması, kinə və qərəz üzündən Əli əleyhissəlamın xəlifə olmasına razılıq verməməsinə baxmayaraq, onlar başqa işlərdə Əli əleyhissəlamla müxalif deyildilər. Bütpərəstlik, məsihiyyət və yəhudiliklə müqabil olan bu dəstənin ölümü ilə İslam çox zəifləyərdi. Əli (əleyhissəlam) əhdlərinə vəfasız çıxan Təlhə və Zübeyrin başlarına topladığı ordunu dağıtmaq üçün Bəsrəyə hərəkət edərkən bu məsələyə toxunaraq buyurmuşdur: “Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyasını dəyişdikdən sonra Qüreyş eqoistcəsinə özlərini bizdən üstün sayıb rəhbərliyə hamıdan səlahiyyətli olduğumuz halda, bizi öz haqqımızdan məhrum etdilər. Mən gördüm bu işin müqabilində səbr etmək müsəlmanlar arasında təfriqə salıb boş yerə qan tökməkdən üstündür. Çünki camaat təzəcə müsəlman olmuş, din südlə dolub köpüklənmiş bir tuluğa bənzəyirdi. Balaca bir səhv, qəflət onu xarab edər və balaca bir insan onu dağıda bilərdi...”[50]

2) Peyğəmbərin (səlləllahu əleyhi və alih) ömrünün sonlarında müsəlman olmuş bir çox qəbilə və tayfalar hələ lazım olan İslami tə’limləri tam öyrənməmişdilər. İman nuru onların qəlbində hələ tam şəkildə təşəkkül tapmamışdı. Elə ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfat xəbəri onların arasında yayıldı, onların bir çoxu yenidən müşrik olub bütpərəstliyə qayıtdılar. Mədinədə İslam hökuməti ilə açıq-aşkar müxalifət etməyə başladılar, İslam vergilərini (xums, zəkat və s.) ödəməkdən boyun qaçırdılar. Hələ bu azmış deyə nizami ordu toplayıb Mədinəni möhkəm qorxuya da saldılar. Buna görə də, yeni qurulmuş İslam hökumətinin bunlara qarşı ilk tədbiri o oldu ki, müsəlmanlardan ibarət bir ordu təşkil olundu və müxaliflərin qiyamı müsəlman ordusunun sə’yi nəticəsində yatızdırıldı. (Əlbəttə, bu o demək deyil ki, yeni xəlifə Əbu Bəkrin gördüyü bütün işlər düzgün olmuşdur.)

İslamın əvvəlki düşmənlərinin qiyam qaldırıb İslam hökumətini hədələdiyi bir vəziyyətdə İmamın başqa bir bayraq qaldırıb qiyam etməsi əsla düzgün olmazdı.

İmam Misir əhalisinə yazdığı məktubda bu məsələyə toxunaraq buyurmuşdur: «And olsun Allaha, mən fikir eləməzdim və heç ağlıma belə gəlməzdi ki, ərəblər Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra İmamət və rəhbərliyi onun ailəsindən alsınlar, (başqa yerdə qərar versinlər, inanmazdım ki,) məni xilafətdən uzaqlaşdırsınlar. Məni narahat edən yalnız camaatın, filankəsin (Əbu Bəkrin) başına toplaşıb onunla bey’ət etmələridir. (Vəziyyəti belə görüb) əl saxladım. Hətta iş o yerə gəlib çıxmışdı ki, bir dəstənin dindən çıxıb Məhəmmədin (səlləllahu əleyhi və alih) dinini məhv etmək istədiklərini öz gözümlə gördüm. Belə olduqda qorxdum ki, əgər İslama və (hökumətə) müsəlmanlara kömək etməsəm, İslamın məhv olmasının şahidi olaram. Bunun müsibəti mənə xilafətdən uzaq düşməyimdən və sizlərə hakimlik etməkdən məhrum olmağımdan da baha başa gələrdi. Çünki bu, dünyanın bir neçə günlük faydasıdır, bir müddətdən sonra qurtarıb gedəcək. Necə ki, yolda görünən ilğım qurtarır və necə ki, buludlar aralanıb gedirlər. Belə olduqda mən ayağa qalxdım. Bununla da batil aradan getdi və din möhkəmcə yerində qaldı.»[51]

3) Dindən çıxmış şəxslərin qiyam etməsi təhlükəsindən başqa bir sıra yalançı peyğəmbərlərin, o cümlədən Müseyləmə, Tüleyhə və Səccah kimilərin meydana gəlməsi və hər birinin öz ətrafına dəstə toplayaraq Mədinəyə hücum etmək fikrində olmaları da bu təhlükələrdən biri idi. Ancaq müsəlmanların birləşib müqavimət göstərməsi nəticəsində bu təhlükə də sovuşdu.

4) Roma imperiyasının hücum etmə ehtimalı da digər tərəfdən müsəlmanlar üçün təhlükə yaratmışdı. Çünki o vaxta qədər müsəlmanlarla romalılar üç dəfə vuruşmuşdular və elə buna görə də, romalılar müsəlmanları özlərinə böyük təhlükə sanır və onlara hücum etmək üçün fürsət axtarırdılar. Əgər Əli (əleyhissəlam) xilafət uğrunda mübarizəyə qalxsaydı, müsəlmanlar arasında vətəndaş müharibəsi baş verər və daxili cəbhənin zəifləməsi nəticəsində romalılar üçün ən yaxşı əlverişli bir fürsət yaranardı.

Bu dörd məsələni nəzərə aldıqda, İmamın səbr etməyi mübarizədən üstün tutması və səbr etməklə, uzaqgörənliklə İslam cəmiyyətini böyük təhlükədən qurtarması yaxşı mə’lum olur.

Əgər Əli (əleyhissəlam) müsəlmanların birliyini istəməsəydi və həmçinin, onların ayrılması nəticəsində irəli gələn təhlükələrin qorxusu olmasaydı, heç vaxt xilafətin Peyğəmbərin (səlləllahu əleyhi və alih) həqiqi xəlifələrinin əlindən çıxıb başqalarının əlinə düşməsinə icazə verməzdi.

 

Əli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti

 

Əli əleyhissəlamın xəlifələr dövründəki fəaliyyəti aşağıdakı sahələri əhatə edirdi.

1) Allah-taalaya ibadət, özü də Əli (əleyhissəlam) kimi bir şəxsiyyətə məxsus olan ibadət! Gör Əli (əleyhissəlam) necə ibadət edirmiş ki, ibadətlə məşhur olan İmam Səccad (əleyhissəlam) öz ibadətini Əli əleyhissəlamın ibadəti qarşısında heç hesab edir.

2) Qur’anın təfsiri və bir çox ayələrdəki müşküllərin həlli və İslam aləminin böyük təfsirçisi Abdullah ibn Abbas kimi tələbələr yetişdirmək;

3) Dünya alimlərinin, xüsusilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra onun dini barədə maraqlanan və Mədinəyə gəlib müsəlmanlara suallar verən yəhudi və məsihi alimlərinin suallarına cavab vermək; Bu suallara danışığında Tövrat və İncildən xəbərdar olması başa düşülən Əli əleyhissəlamdan başqa cavab verən tapılmırdı. Əgər bu suallara cavab verən tapılmasaydı, İslam aləmi rüsvay olardı. Elə ki, Əli (əleyhissəlam) onların suallarına qəti və qaneedici şəkildə cavab verirdi, Peyğəmbərin (səlləllahu əleyhi və alih) yerində oturmuş xəlifələrin üzü gülümsəyirdi.

4) İslamda o vaxtadək görünməyən yeni hadisələrin şər’i hökmlərini bəyan etmək; Bə’zi vaxtlar mühakimə və qəzavət elə dolaşıq olurdu ki, qazılar onun həllində aciz qalırdılar. Bu cür mühakimələrin həlli Əli əleyhissəlamın həyatının əsas məsələlərindən biri idi. Əgər səhabələrin içində Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğuna görə, ümmətin ən biliklisi və qəzavət (mühakimə) işlərinə hamıdan yaxşı xəbərdar olan Əli (əleyhissəlam) kimi bir şəxsiyyət olmasaydı, İslamın ilk vaxtlarında bir çox məsələlər müəmmalı olaraq qalacaqdı.

Bu cür yeni məsələlərin irəli gəlməsi İslamın bütün məsələlərinə (istər kiçik olsun, istərsə də böyük) elmi olan Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra elmli və hər şeydən xəbərdar olan öz geniş elmi ilə ümməti səhv yönəlmələrdən və gümana, qiyasa əməl etməkdən qoruyan mə’sum bir İmamın peyğəmbərin yerində olmasını tələb edirdi. Bu ləyaqət isə Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələrinin e’tirafına əsasən, Əli əleyhissəlamdan başqa heç kəsdə yox idi.

Əli əleyhissəlamın qəzavətləri və onun Qur’an ayələrindən çıxardığı gözəl yeniliklər hədis və tarix kitablarında öz yerini tapıb. Bə’zi alimlər bunlar haqqında ayrıca kitablar yazmışlar.

5) Ruhu təmiz, pak və seyri-süluk üçün hazır olan insanları tə’lim-tərbiyə etmək; Bu yolla onlar İmamın mə’nəvi rəhbərliyi sayəsində mə’nəvi kamal qüllələrini fəth edir və zahiri gözləri ilə görə bilmədiklərini batini və mə’nəvi gözlə görürdülər.

6) Bir çox kimsəsizlər və kasıbların dolanışığını tə’min etmək; Hətta İmam öz zəhməti ilə bağlar salıb, quyular qazıb onları vəqf edirdi.

7) Xilafətdə olanlar siyasi məsələ və ya başqa işlərdə çətinliklə rastlaşıb çıxılmaz vəziyyətə düşdükdə, e’timadlı məşvərətçi kimi yalnız Əli əleyhissəlamı görürdülər. Əli (əleyhissəlam) özünəməxsus həqiqət görünüşü ilə müşkülatı həll edir və yolu tə’yin edirdi. Bu məşvərətlərin bə’ziləri Nəhcül-bəlağədə və başqa tarix kitablarında gəlmişdir.

 

Əli (əleyhİssəlam) və xəlifələrin elmi və siyasi müşkülatının həlli

 

Tarix şahiddir ki, Əbu Bəkr və Ömər öz xəlifəlik dövrlərində siyasi, maarif, əqaid, (əqidələr) Qur’anın təfsiri, İslami məsələlərin əsl və fər’lərində Əli əleyhissəlama müraciət edirdilər və İmamın bu barədə verdiyi məşvərətlərdən, yol göstərmələrindən bəhrələnirdilər. İndi bunların bir neçəsini oxucuların nəzərinə çatdırırıq.

 

Romalılarla müharibə

 

Yeni İslam hökumətinin əsas düşmənlərindən biri Roma imperiyası olmuşdur. Roma daima İslamı Şimal tərəfdən hədələyirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) ömrünün son anlarınadək Roma imperiyasının təhlükəsindən qafil olmamışdı. Hətta bir dəfə hicrətin səkkizinci ilində Cə’fəri-Təyyarın başçılığı ilə Şam istiqamətində bir ordu da göndərmişdi.Ancaq İslam ordusu üç başçısını və bir çox əsgərini itirərək heç bir nəticə almadan Mədinəyə qayıtmışdı. Sonradan bu məğlubiyyətin əvəzini çıxmaq məqsədilə hicrətin doqquzuncu ili Peyğəmbər (səlləllahu əleyhi və alih) böyük bir ordu ilə Təbuk məntəqəsinə tərəf getdi. Ancaq müsəlmanlar düşmənlə rastlaşmadan Mədinəyə qayıtdılar. Bu səfərin bir sıra parlaq nəticələri oldu. Tarixdə bunların hamısı qeyd olunmuşdur. Romalıların hücum təhlükəsi həmişə Peyğəmbərin (səlləllahu əleyhi və alih) fikrini cəlb edirdi. Bu cəhətdən Peyğəmbər (səlləllahu əleyhi və alih) ömrünün son anlarında xəstə olarkən müsəlmanlardan ibarət bir ordu təşkil edib Şama tərəf göndərdi. Bu ordu bir sıra səbəblər üzündən Mədinədən çıxmadı. Ordu Mədinənin bir neçə kilometrliyində olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyasını dəyişdi.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra Mədinənin siyasi vəziyyəti Əbu Bəkrin xəlifə seçilməsi ilə keçirdiyi böhrandan sonra sakitləşdi. Xilafəti ələ keçirən Əbu Bəkr Peyğəmbərin (səlləllahu əleyhi və alih) fərmanını (romalılarla döyüş fərmanını) yerinə yetirməkdə ikiürəkli idi. (Yə’ni, bilmirdi romalılarla vuruşsun, yoxsa vuruşmasın.) Buna görə də, səhabələrin bir dəstəsini toplayıb onlarla məsləhət etdi. Hərə bir təklif irəli sürdü. Ancaq bunların heç biri Əbu Bəkri qane etmədi. Nəhayət Əbu Bəkr Əli əleyhissəlamla məsləhət etdi. Əli (əleyhissəlam) onu Peyğəmbərin (səlləllahu əleyhi və alih) fərmanını yerinə yetirmək üçün ürəkləndirdi və buyurdu ki, əgər vuruşsan, qalib gələcəksən. Xəlifə (Əbu Bəkr) İmamın onu ürəkləndirməsindən sevinib dedi: “Yaxşılığa yozdun və xeyirliyə müjdə verdin.1”

 

Əli (əleyhissəlam) və İkinci xəlifənin onunla siyasi məsləhətləri

 

Əli (əleyhissəlam) ikinci xəlifənin dövründə də siyasi, elmi, ictimai bir məsləhətçi idi. İndi ikinci xəlifənin Əli əleyhissəlamla siyasi məsləhətlərindən bir nümunəni sizin nəzərinizə çatdırırıq:

Hicrətin on dördüncü ili müsəlmanlarla Sasani imperiyası (iranlılar) arasında Qadisiyyə adlı məntəqədə çox çətin bir döyüş baş verdi. Gərgin gedən bu döyüşdə müsəlmanlar qalib gəldilər. Bu döyüşdə Sasanilərin ordu başçısı Rüstəm Fərruxzad çoxlu sayda döyüşçüsü ilə qətlə yetirildi. Bu qələbə nəticəsində İraq bütünlüklə İslamın nəzarəti altına keçdi və Sasani imperiyasının paytaxtı Mədain şəhəri müsəlmanların əlinə düşdü. İran döyüşçüləri canlarını qurtarmaq üçün ölkənin içərisinə tərəf geri çəkildilər. Sasanilər qorxurdular ki, İslam ordusu yavaş-yavaş irəliləyib bütün ölkəni ələ keçirə bilərlər. Bu təhlükənin qarşısını almaq məqsədilə Sasani imperatoru Yəzdigərd, Firuzanın başçılığı altında yüz əlli minlik bir ordu təşkil etdi. Firuzana tapşırdı ki, müsəlmanların ehtimal verilən hücumunun qarşısını alsın və vəziyyət yaxşı olarsa, hücuma da əl atsın.

Müsəlmanların ordu başçısı Sə’d ibn Vəqqas (bir ehtimala görə isə Kufə hökmdarı Əmmar Yasir) xəlifə Ömərə məktub yazaraq onu düşmənin hərəkətindən xəbərdar edib bildirdi ki, Kufə ordusu (o vaxtlar İslamın əsas nizami bazası Kufə şəhərində yerləşirdi) döyüşə başlamağa hazırdır. Düşmən hücuma keçməzdən qabaq yaxşı olar ki, biz onları qorxutmaq üçün hücuma başlayaq.

Xəlifə məscidə gəlib səhabə başçılarını toplayaraq onları öz məqsədindən xəbərdar etdi. Xəlifə bildirdi ki, özü, Mədinədən Bəsrə ilə Kufə arasında olan bir yerə gedib oradan orduya başçılıq etmək istəyir. Bu zaman Təlhə qalxıb xəlifənin fikrini bəyəndiyini bildirdi. Təlhənin sözlərindən xəlifəyə yaltaqlanması açıq-aşkar hiss olunurdu.

Ondan sonra Osman qalxıb nəinki xəlifənin Mədinədən çıxmaq istəmək fikrini bəyəndiyini bildirdi, hətta ona belə bir məsləhət verdi: “Şam və Yəmən ordusuna da məktub yaz ki, öz yerlərini tərk edib xəlifəyə qoşulsunlar. Beləliklə, böyük bir ordu ilə düşmənlə qarşı-qarşıya çıxa bilərsən”.

Bu zaman Əli (əleyhissəlam) ayağa qalxaraq buyurdu: «Bu işin (İslamın) qalib gəlib-gəlməməsi ordunun az ya çox olmasına bağlı deyil. Bu, Allahın dinidir və O Özü onu qalib edər. O, ordusunu Özü hazırlayır və onlara da kömək edir. Allah-taala lazım olduğu yerə qədər İslamı gətirib çıxartdı, hara yayılmalı idisə, ora yaydı. Allah-taala bizə qalib gələcəyimizi və’d edib. Biz də bilirik ki, Allah Öz və’dəsinə əməl edib Öz ordusuna kömək edəcək.

Xəlifənin mövqeyi zəncir halqalarına bənzəyir, xəlifə bu zəncirləri bir-birinə bağlamalıdır. Əgər zəncirlər bir-birindən qırılarsa, dağılıb parça-parça olacaq, daha onu bir yerə yığmaq da mümkün olmayacaq.

Bu gün ərəb ordusu sayca az olsa da, İslam qüvvəsi sayəsində çoxdur və birlik, vəhdət sayəsində isə əziz və qüdrətlidir.

Buna görə sən (xəlifə) bir dəyirman daşının mərkəzi kimi müsəlmanları hərəkətə gətir və onların köməyilə döyüşə başla. Əgər sən şəxsən Mədinədən çıxıb Kufəyə tərəf getsən, ordu künc-bucaqdan dağılaraq sənin ətrafına toplaşacaqdır. Belə olduqda da, arxada qalanlar qarşıdakılardan mühüm olacaqdır.

Əgər sabah qeyri-ərəbin gözü sənə sataşsa, deyəcəklər ki, bu, ərəblərin rəhbəridir. Əgər onu aradan götürsək, rahat olacağıq. Bu fikir onları səninlə mübarizədə daha da həvəsləndirəcək və düşmənin daha ciddi hərəkətinə səbəb olacaq. Deyirsən, bundan narahatsan, bil ki, Allah bu işdə səndən də çox narahatdır və Onun bəyənmədiyi işi dəyişdirməyə qüdrəti çatır.

Ancaq o ki, deyirsən düşmənin ordusunun sayı bizdən çoxdur, (unutma ki) biz keçmiş döyüşlərimizdə ordumuzun sayına deyil, Allah-taalanın köməyinə arxalanıb qalib gəlmişik!»1

Ömər Əli əleyhissəlamın sözlərini bəyənib Kufəyə tərəf tək getmək fikrindən daşındı.2

Bu cür çıxılmaz məsələləri həll etməyinə görə Ömər deyərdi: «Bir çətinlik üz verərkən bunun həlli üçün Əbül Həsənin (Əli əleyhissəlamın) tapılmamasından Allaha pənah aparıram.»3

 

5. Xilafətdən şəhadətədək

Əli əleyhissəlamla be’yət tərzi

 

Osmanın maliyyə və idarə pozğunluqları, beytül-malı yüz faiz qeyri-şər’i yollarla istifadə etməsi, Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi, mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri işdən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman camaatın, ləyaqətsiz icra başçılarının dəyişdirilməsi haqqındakı şikayətlərinə baxmadığına görə, nəhayət camaat onun hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat Əli əleyhissəlama bey’ət etdi. Bu baxımdan Osmanın ölümündən sonra iş başına keçən Əli əleyhissəlamın hökuməti qiyam və camaatın sabiq hökumətin zülmlərinə qarşı qaldırdığı qiyam nəticəsində yaranmış bir hökumət idi.

Osmanın hökumətinin pozğunluqlarından biri də bu idi ki, Həkəm ibn Əbul-Ası oğlu Mərvanla birgə Mədinəyə gətizdirmişdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) onu Taifə sürgün etmiş və hətta birinci və ikinci xəlifələr (Əbu Bəkr və Ömər) də onu Mədinəyə qaytarmağa cür’ət etməmişdilər. Osman onları Mədinəyə gətizdirdikdən sonra öz qızını Mərvana ərə vermiş və Mərvanı xilafətin icra aparatına başçı tə’yin etmişdi. Bu da təbiidir ki, camaatın qəzəblənməsinə səbəb olmuşdu.

Osmanın evi qırx doqquz gün qiyamçıların mühasirəsində qaldı.1 Osman nə vaxt camaatla yumşaq davranmaq istyirdisə, Mərvan daha çox camaatı qəzəbləndirirdi. Axırda müsəlmanlar qəzəblənib Osmanın evinə tökülərək onu qətlə yetirdilər.

 

Əli əleyhissəlamın parlaq məqamı

 

Qiyamçıların yeganə məqsədi Osmanı hökumətdən kənarlaşdırmaq idi. Düzdür, Əli əleyhissəlamın adı Osmanın evi mühasirədə olan müddətdə dillərdə gəzirdi, lakin qiyamçılar gələcək üçün (yeni xəlifə tə’yin etmək üçün) qəti bir qərara gəlməmişdilər. Elə buna görə də, Osmanı öldürdükdən sonra yeni bir çətinliklə-xəlifə seçmək çətinliyi ilə üzləşməli oldular.

Digər tərəfdən Əli (əleyhissəlam), Əbdürrəhman ibn Ovf, Osman, Təlhə, Zübeyr və Sə’d ibn Əbil Vəqqasdan ibarət altı nəfərlik şura üzvlərindən ikisi, yə’ni, Əbdürrəhman ibn Ovf və Osman artıq dünyadan getmişdilər. Qalan dörd nəfər arasında Əli (əleyhissəlam) camaatın daha sevimlisi idi. Belə ki, fəzilət və İslamdakı parlaq keçmişinə görə digər şura üzvlərinin heç biri ona çatmırdı. Bu da camaatın Əli əleyhissəlama tərəf gəlməsinə səbəb oldu.

Əli (əleyhissəlam) vəziyyəti nəzərə alıb Osmanın dövründəki dəyişiklikləri mülahizə etməklə, həmçinin müsəlmanların ilkin həqiqi İslamdan uzaq düşmələrini nəzərə alaraq yaxşı bilirdi ki, Osmanın fəsadla dolu olan hökumətindən sonra xəlifə olmaq çox çətin bir işdir. Camaat, xüsusilə tayfa başçıları onun nəzərdə tutduğu islahatlarla razılaşmayacaq və onun ədalətinə dözə bilməyəcəklər. Buna görə də, qiyamçılar Əli əleyhissəlama xəlifə olmasını təklif edəndə, Əli (əleyhissəlam) qəbul etmədi.

Tarixçilər yekdil nəzərlə Osmanın hicrətin otuz beşinci ili zil-həccə ayında öldürüldüyünü qeyd edir, ancaq hadisənin hansı gündə baş verməsi haqqında müxtəlif fikirlər söyləmişlər.[53] Bir məsələ mə’lumdur ki, Osmanın ölümü ilə Əli əleyhissəlamın xəlifə olması arasında azı dörd-beş gün fasilə olub.[54] Bu bir neçə gün ərzində müsəlmanlar heyrət və hökumətsizlik mühitində yaşadılar.

Qiyam başçıları Əli əleyhissəlama müraciət edirdilər. Amma Həzrət o qədər də zahir olmurdu. Çünki qiyamçıların onunla bey’ət etmək istədiklərini gördüyündən və xilafət başına keçmək üçün vəziyyətin yaxşı olmadığını bildiyi üçün qiyamçıların bu təklifini özünə hüccət bilməyib buyurardı: «Məndən əl çəkin, gedin başqa adam tapın. Çünki indi vəziyyətin siması müxtəlif olub cəhətləri ayrı-ayrıdır. (Vəziyyət çox qarışıqdır.) Ürəklər bu vəziyyətə dözməz, ağıl bunu qəbul edə bilməz. Fəsad buludları İslam səmasının üstünü örtmüş və doğru yol tanınmaz qalmışdır. Bilin ki, əgər sizin təklifinizi qəbul etsəm, sizinlə öz elmimlə rəftar edəcək və onun-bunun sözlərinə qulaq asmayıb dedi-qoduçuların sözlərinə e’tina etməyəcəyəm. Ancaq məndən əl çəksəz, mən də sizin kimilərdən biri olacağam. Bəlkə də mən yeni xəlifənin sözlərinə sizdən yaxşı qulaq asacaq və əmrlərini sizdən yaxşı yerinə yetirəcəyəm. Mənim sizin rəhbər və xəlifəniz olmağımdansa, sizin vəzir və məsləhətçiniz olmağım yaxşıdır.»[55]

Ancaq get-gəllər, müsəlmanların tə’kidli istəkləri, keçmiş zülmlərdən cana gəlmiş və ədalət aşiqi olan camaatın axınları Həzrət Əli əleyhissəlamın evinə çoxaldığından Əli (əleyhissəlam) özünə vəzifə bilib camaatın bey’ətini qəbul etdi.

Əli (əleyhissəlam) Nəhcül-bəlağənin bir neçə yerində camaatın onun xilafət başına gəlməsi üçün evinə axınları və camaatın bey’ət etmək üçün tə’kidləri barədə söhbətlər etmişdir. Bir yerdə belə buyurur: «Camaat susamış dəvənin su görərkən sarbanın əlindən azad olub suya hücum etdikləri kimi mənim üstümə hücum etdi. Bir-birini sıxışdırıb çiyin-çiyinə dəyirdilər. Vəziyyət o hala çatmışdı ki, mən deyərdim məni öldürmək istəyirlər, ya da bir dəstə başqa bir dəstəni öldürmək istəyir. Sonra bu işi (xilafətin qəbul etməsini) araşdırdım. Bütün cəhətlərini ölçüb biçdim. Belə ki, yuxunu gözümdən çəkmişdi.»[56] Başqa bir yerdə İmam (əleyhissəlam) camaatın onun ətrafına toplaşmasını canlandırıb camaatın onun xilafəti qəbul etməsini eşidib sevindiklərini, həyəcanlanmalarını bəyan edərək buyurur: «Siz mənim əlimi (bey’ət etmək məqsədilə) açdınız, mən isə bağladım. Siz onu özünüzə tərəf çəkirdiniz, mən isə onu geri dartırdım. Ondan sonra susamış dəvələrin su içmək üçün suya yaxınlaşarkən bir-biri ilə çiyin-çiyinə dəydiyi kimi mənim ətrafıma toplaşdınız. Belə ki, ayaqqabımın bağı qırıldı, əba çiynimdən düşdü və zəif insanlar ayaq altında qaldılar.

O gün camaatın mənimlə bey’ət etmək üçün yaranmış sevinci o həddə çatmışdı ki, hətta uşaqlar belə sevinirdilər. Evdə oturmuş qocalar ayaqları titrəyən halda bey’ət mənzərəsini müşahidə etmək üçün yola düşmüşdülər. Xəstələr də bu mənzərəni müşahidə etmək üçün yataqlarından qalxmışdılar.»[57]

Əli (əleyhissəlam) məşhur «Şiqşiqiyyə» xütbəsində də camaatın şüurlu pişvazı barədə və eləcə də xilafəti qəbul etməsi barədə söhbət etmişdir: «Məni qorxudan o idi ki, camaat kaftar kimi sıx şəkildə hər tərəfdən mənim üstümə hücum çəkib məni əhatə etmişdi. Belə ki, Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam) ayaq altda qaldılar, paltarım iki tərəfdən cırıldı, camaat qoyun sürüsü kimi mənim ətrafıma toplaşdı. And olsun toxumu bölən və insanı yaradan Allaha! Əgər o camaat bey’ət üçün ətrafıma toplaşaraq mənə arxa olmaları ilə hüccət mənə tamamlanmasaydı və həmçinin, Allahın alimlərdən zülmkarların zülmü və məzlumların aclığı qarşısında sükut etməmələri barədə peymanı olmasaydı, mən xilafət məqamından əl götürüb ondan üz döndərər, onun sonunu başlanğıcındakı piyalə ilə doyuzdurardım. (Yə’ni, necə ki, ilk üç xəlifənin dövründə kənarda qalmışdım indi də kənarda qalardım.) Onda yaxşı bilərdiniz ki, sizin dünyanız mənim nəzərimdə keçi burnunun suyundan da dəyərsizdir.»[58]

 

Üç cəbhədə mübarizə

 

Əli əleyhissəlamın hakimiyyətinin əsl ədalət əsasında olduğuna və xilafətin əsl İslam sünnələrinin diriltməsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, bu dəstə Əli əleyhissəlamın hökuməti qarşısında müxalif bir dəstə yaratdı. Bu müxalifət sonda «Nakisin», «Qasitin» və «Mariqin» döyüşləri ilə nəticələndi. İndi də həmin döyüşlər barədə ayrı-ayrılıqda qısa mə’lumat veririk:

Nakisin[59] döyüşü (cəməl döyüşü)

Nakisin döyüşünün səbəbi bu idi ki, Təlhə və Zübeyr Əli əleyhissəlama bey’ət etdikdən sonra ondan Bəsrə və Kufə şəhərlərinə vali (başçı) tə’yin olunmalarını istədikdə, İmam (əleyhissəlam) onların bu istəyi ilə razılaşmadı. Nəhayət onların hər ikisi “ümrə”ni bəhanə edərək Məkkəyə yola düşdülər. Orada (Məkkədə) Bəni-Üməyyə tərəfindən qarət olunmuş beytül-maldan istifadə edərək ordu yaradıb Ayişə ilə birlikdə Osmanın qanını almaq qəsdi ilə Bəsrəyə üz tutdular. Bəsrəni tutub öz əllərinə keçirdilər. Əli (əleyhissəlam) bu hadisədən xəbərdar olub onları aradan götürmək məqsədilə ordu ilə Bəsrəyə tərəf hərəkət etdi. Bəsrə yaxınlığında qızğın döyüş nəticəsində Əli (əleyhissəlam) qalib gəldi və «nakisinlər» məğlubiyyətə uğradılar. Bu döyüş hicrətin otuz altıncı ilində baş vermişdir.

 

Qasitin[60] döyüşü (siffeyn döyüşü)

 

Müaviyə hələ Əli (əleyhissəlam) xəlifə olmazdan neçə il qabaq Şamda özü üçün xilafətə keçmək hazırlıqlarını görmüşdü. Əli (əleyhissəlam) xilafətə gəlcək Müaviyənin işdən kənarlaşması əmrini verdi (Müaviyə Osman tərəfindən Şama vali tə’yin edilmişdi.) və onun bir an belə işdə qalmasına razılıq vermədi. (Müaviyə də təbii ki, İmamın fərmanı ilə razılaşmadı.) Bu müxalifətin nəticəsi o oldu ki, İraq və Şam qoşunları «Siffeyn» adlı bir çöldə üz-üzə gəldilər. Əli (əleyhissəlam)ın ordusunun qələbəyə bircə addımı qalmışdı. Ancaq Müaviyə (Əmr Asın köməyilə) hiylədən istifadə edərək Əli əleyhissəlamın ordusunda təfriqə və ixtilaf yaratdı. Nəhayət Əli (əleyhissəlam) ordusunun tə’kidi nəticəsində məcbur qalıb Əbu Musa Əş’əri ilə (Əli əleyhissəlamın tərəfindən) Əmr Asın (Müaviyə tərəfindən) danışıqlarına razı oldu. Belə ki, onlar (Əbu Musa Əş’əri və Əmr As) İslam və müsəlmanların məsləhətləri haqda araşdırmalar aparmalı və öz nəzərlərini bildirməli idilər. Əli əleyhissəlamın ordusundan olanların onu Əbu Musa Əş’ərini Əmr Asla danışıqlara göndərməsi barədəki tə’kidləri o dərəcəyə çatmışdı ki, əgər Əli (əleyhissəlam) bununla razılaşmasaydı, bəlkə də bu narazılıq İmamın ölümü ilə nəticələnərdi. Bunun da nəticəsində müsəlmanlar böyük böhranla üzləşməli olardılar.

Tərəflərin öz nəzərlərini bildirmək zamanı çatdıqda Əmr As Əbu Musa Əş’ərini aldatdı[61] və Müaviyənin alçaq niyyətini camaata aşkar etdi. Danışıqlar başa çatdıqdan sonra Əli əleyhissəlamın ordusundan bir dəstəsi İmamın danışıqları qəbul etməsinə görə onunla müxalifət etməyə başladı. Onlar İmamı danışıqlarla razılaşdığına görə tənqidə tutdular.

Qasitin döyüşü hicrətin otuz yeddinci ilində baş vermişdir.(Bu döyüş tarixdə Siffeyn döyüşü adı ilə məşhur olmuşdur.)

 

Mariqin döyüşü (Nəhrəvan döyüşü)

 

Mariqin (yolunu azmışlar) Əli əleyhissəlamı Əbu Musa Əş’əri ilə Əmr Asın danışıqlarına razı olmağa məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu dəstə öz işlərindən peşman olub İmamdan danışıqların nəticəsi ilə razılaşmamasını istədilər. Ancaq Əli (əleyhissəlam) elə bir şəxs deyildi ki, öz əhdinə vəfasız çıxsın və peymanı sındırsın. Bu dəstə işi belə görüb Əli əleyhissəlama qarşı ordu toplamağa başladı. Nəhrəvan adlı bir yerdə Əli əleyhissəlamla bu dəstə arasında döyüş baş verdi. Əli əleyhissəlamın ordusu bu döyüşdə də qalib gəldi. Ancaq kin-küdurət yenə ürəklərdə qaldı. Tarixçilərin yazdığına görə bu döyüş hicrətin 38 yaxud 39-cu ilində baş vermişdir.

Əlinin (ə) dövləti idarə sistemİndə tutduğu əhəmiyyətli islahat addımları

1. Əli (ə) elə ilk başdan xilafəti qəbul etməyinin mahiyyətini ədalətin icrası kimi irəli çəkərək onu, xüsusilə ictimaiyyətdə rifah və maddi tə`minatın, bir-birinə tam əks olan iki sinfi qütbün həlli perspektivində arayırdı.[62]

Qabaqda keçdiyi kimi çox qabarıq dərəcədə sosial problemə çevrilən iki aclar və toxlar təbəqələri arasındakı sinfi ayrıseçkiliyə öz münasibətini bildirən Həzrət deyirdi: Allah bilici və alimlərlə əhd-peyman bağlayıb ki, belə vəziyyətin qarşısında sükut etməsinlər.

2. Həzrət (ə) mənsəb və iqtidarı yalnız xalqa xidmət, ictimai hüquqların bərpası və batili (zülm və haqsızlıq) məhv etmək üçün vəsilə bilmiş[63] və heç vaxt ona sui-istifadə mənbəyi yaxud yağlı bir tikə kimi tamah gözü ilə baxmamışdır. Deyilənlərə açıq və aydın dəlil onun dövlətçiliyidir. Elə buna görə də, nə vaxtdan bəri iqtidara susamış Təlhə və Zubeyr kimilərinə hər hansı mənsəb və rəhbərliyi tapşırmaqdan qəti imtina etmiş və nəticədə onların müxalifəti və təxribatları ilə qarşılaşmışdır.

3. O, mö`minlərin əmiri və xəlifəsi olduğuna baxmayaraq son dərəcə sadə bir güzaranla keçinir və vəzifələrə seçdiyi şəxslərə də orta və sadə tərzdə həyat sürməyi tövsiyə edirdi.[64] Dünyanın cazibədarlığına tam e`tinasızlıq, cəlbedici maddi rəngarənglik və təmtəraqdan uzaqlıq Həzrətin şəxsiyyətində ən spesifik xüsusiyyətləri, onun dövlətçiliyində ən üstün xarakterik çalarları aşılayır.

4. Onun dövlət nümayəndələrinin seçki və tə`yinində əsas qarşıya qoyduğu me`yarları təqva, sağlam ömür və parlaq keçmiş, rəhbərlik bacarığı, qətiyyətli dindarlıq və digər layiqli keyfiyyətlərdən ibadət idi. Qohumluq və digər nisbət əlaqələrini onun vəzifə bölgüsündə hətta zərif izlərini belə görə bilmərik. Həzrətin bütün İslam ölkəsində rəhbərlik etdiyi 51 nəfər vali və nümayəndəsi arasında mühacir, ənsar, yəmənli, nəzarlı, haşimi və qeyri-haşimi, hicazlı, iraqlı, qoca və cavan şəxslər göründüyü halda oğulları imam Həsən, imam Hüseyn və Məhəmməd Hənəfiyyə, qızı Zeynəbin (ə.h.) əri Abdullah ibn Cə`fər kimilərindən əsər-əlamət yoxdur. Halbuki, bu adamların özləri də yaş və qabiliyyət baxımından vəzifə və rəhbərliyə layiq kəslər idi və bir çox həssas mövqelərdə, müharibə və döyüş meydanlarında mühüm rol oynayırdılar. Lakin Həzrət hər hansı vəzifənin öz qohum-əqrəbasına həvaləsində ciddi pəhriz edirdi.

5. İmam (ə) bir çox hakim və rəhbərlərin (keçmişdə və indi) yeritdiyi “hədəf vəsiləyə bəraət qazandırır” siyasi prinsipinin tam əksinə olaraq öz ali və müqəddəs məqsədlərinin həyata keçməsində heç vaxt mənafe yönümlü əyri yollara əl atmırdı. Mə`lum olduğu kimi elə xəlifəliyin ilk günlərində bə`zi xeyirxah tərəfdarlarının beytül-malın bölüşdürülməsində hələlik mənsəb, şərəf və sərvət sahiblərinin səhm və payına qismən də olsa artıq ödəyərək yeni qurulmuş hökumətin dayaqlarını möhkəmləndirmək təklifini rədd edərək buyurmuşdu: Siz deyirsiniz ki, hal-hazırda rəhbəri olduğum adamlara zülmə yol verərək qalib gəlim?! Allaha and olsun, nə qədər ki, dünya durur, belə şeyə yol vermərəm! Əgər bu mal öz malım olsaydı belə etməzdim. O ki qaldı bu Allah malıdır![65]

Əks tərəfdə isə qatı düşmən olan Müaviyə öz çirkin və şeytani məqsədlərinə nail olmaq üçün heç nəyi əsirgəmir, şəriətə zidd olaraq hər bir alçaqlığa əl atırdı. Beləliklə də, bə`zi sadəlövh və şüursuz adamlar Müaviyənin ağıllı, siyasətçi və zirək kimi İmamdan üstün olduğunu təsəvvür edirdilər. Həzrətin isə bu məqamda buyurduğu kəlamı diqqəti özünə cəlb edir: Allaha and olsun, Müaviyə məndən ağıllı deyildir. O, həqiqətdə kələkbazlıq, yaramazlıq və alçaqlıq edir. Əgər kələkbazlıq və hiyləgərlik çirkinlik olmasaydı, mən ən zirək adam olardım.[66]

6. Həzrət heç vaxt müxaliflər və ya düşmənlərlə üsul və zabitəni tapdamır, ixtiyarındakı qüdrətdən istifadə edərək onları öz azadlıq hüquqlarından məhrum etmirdi. Bu o vaxta qədər davam edirdi ki, özləri öz əleyhinə zəmin hazırlamasınlar. Həzrətin, vəzifəyə çatmayacağından naümid olub e`tiraz hissi ilə kənara çəkilmiş Təlhə və Zubeyrin ümrə həccini bəhanə edərək Məkkəyə getməsinə icazə verməsi bunun aşkar nümunəsidir.[67] Zahirən sırf təxribat yönümlü bu səfərin gedişatını aydın görən İmam (ə) hələ bir xəta baş verməmiş onların qarşısını almadı. Həmçinin nadan və cahil qövm olan Xəvaric “siffeyn” döyüşündən sonra qayıdarkən yolda qoşundan ayrılıb Nəhrivan ərazisində düşərgə saldıqdan, eləcə də təxribat və terror əməliyyatlarına başlamazdan əvvəl Həzrət onlara belə buyurmuşdu: Nə qədər ki, bizimləsiniz (düşmənə qoşulmamısınız) sizin üç hüququnuz qorunur:

1. Əgər məscidlərdə namaz qılmaq istəsəniz, azadsınız, sizə mane olunmayacaq.

2. Nə qədər ki, bizimlə əl-ələ verib çalışırsınız beytül-maldan məhrum olunmayacaqsınız.

3. Nə vaxta qədər ki, bizimlə müharibəyə başlamamısınız sizinlə döyüşə girməyəcəyik.

Həzrətin əlində onları tam yatırmaq iqtidarı olduğu halda, beləcə, onların yersiz müxalifət və e`tirazlarını böyük təmkinlə qarşıladı və nəhayət dinc qalmayaraq terror əməliyyatlarına əl atmaqla çox yaramaz işlər ilə iğtişaş yaratdıqları zaman çarəsiz onların üzərinə qoşun yeritdi.

7. Əli (ə) iş başına ləyaqətli, sağlam nümayəndələr tə`yin etməsinə baxmayaraq onların iş üsulu və rəftarlarından daim xəbərdar olmaq üçün nəzarət məqsədi ilə xüsusi adamlar ayırmışdı. Heç bir hərəkət və hadisə onun gözündən yayınmır, lazım gəldikdə onların haqqında münasib yerli qərarlar verirdi. Bunun gözəl nümunəsi Həzrətin ə`yan-əşrafların ziyafət məclisində iştirak etmiş Osman ibn Hüneyfə və yazdığı şiddətli danlaq məktubudur.[68] Məsələnin incəliyi burasındadır ki, məktubun yazıldığı tarix Həzrətin xilafətə gəldiyi ilk aylara təsadüf edir (çünki Osman ibn Hüneyf “cəməl” döyüşünədək Bəsrənin valisi olmuş və bu döyüş Həzrətin xilafətinin 6-cı ayında baş vermişdi) və o vaxt İmamın başı çox gərgin surətdə quruculuq, nizam-intizam işlərinə qarışmış, demək olar bütün vaxtını üçüncü xəlifə Osmanın qətlindən sonra bütün İslam ictimaiyyətini bürüyən böhranlı vəziyyətin həllinə ayırmışdı. Bununla belə İmamın uzaq bir nahiyədə öz valisinin hətta bir qonaqlıqda belə hüzurundan xəbərdar olub onu məzəmmət etməsi dəqiqliyi və digər xüsusiyyətləri onu əbədi rəhbər kimi cahanda yaşadır.

Əli (əleyhissəlam) nəhayət, dörd il bir neçə ay (9 ay) hökumətdə olduqdan sonra hicrətin qırxıncı ili Ramazan ayının on doqquzuncu gecəsi həmin mariqindən biri olan Əbdürrəhman ibn Mülcəm tərəfindən (Kufə məscidində namaz qılarkən) zərbətlənib iki gün sonra şəhadətə qovuşmuşdur.


İstinadlar

 

[44] Peyğəmbərin (səlləllahu əleyhi və alih) dörd maddədən ibarət xəbərdarlığı belə idi: a) Müşriklərin sazişi ləğv olunur. b) Müşriklərin həcc mərasimində iştirak etmək hüququ yoxdur. v) O vaxtadək müşriklər arasında adət olmuş lüt şəxslərin təvaf etməsi qadağan olunur. q) Müşriklərin Məscidül-hərama girməsi qadağandır.

[45] Ruhul-məani, c.1, (“Tövbə” surəsinin təfsiri).

[46] Nəhcül-Bəlağə (Sübhi Saleh), Xütbə 3.

[47] Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 74.

[48] Şərhi Nəhcül-bəlağə, c.2, səh. 20.

[49] Şərhi Nəhcül-bəlağə, c.2, səh. 20; Bihaul-Ənvar, c. 30, səh. 15.

[50] Şərhi Nəhcül Bəlağə (İbn Əbil Hədid) c. 1, səh. 308; Biharül Ənvar, c. 29, səh. 633.

[51] Nəhcül-bəlağə, 62-ci məktub (Sübhi Saleh); Əl-ğarat, c. 1, səh. 306 çox cüz`i fərqlə.

[52] İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.1, səh.307; İrşad (Şeyx Müfid) səh. 131.

1 Tarixi-Yə’qubi, c.3, səh.39.

1 Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 146.

2 İbn Əsir, Əl-Kamilu fit-tarix, c.3, səh.8.

3 Əl-İstiabu fi mə’rifətil-əshab, c.3, səh.39. Xəlifələrin müxtəlif zamanlarda müsəlmanların çətinliklərinin həlli üçün Əli (ə) ilə müşavirə etmələri barədə geniş mə`lumat üçün Əsgər Qaidanın “Əli ibn Əbu Talibin siyasi mövqelərinin təhlili” kitabına müraciət edə bilərsiniz.

1 Məs’udi, Mürucuz-zəhəb, c.2, səh. 346.

[53] Yə’qubi Osmanın ölümünü zil-həccənin on səkkizi, c.2,səh.165, Məs’udi isə zil-həccənin qurtarmasına üç gün qalmış bildirir.(Mürucuz-zəhəb) c.2, səh.346.

[54] Yə’qubi Əli əleyhissəlamın xilafət başına gəlməsini zil-həccənin qurtarmasına bir həftə qalmış, Məs’udi isə deyir ki, Osman ölən kimi camaat Əli əleyhissəlama bey’ət etdi. Başqa bir yerdə isə deyir ki, deyilənə görə Əli əleyhissəlamla bey’ət dörd gün sonra baş vermişdir.

[55] Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 92.

[56] Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 54.

[57] Nəhcül-bəlağə (Sübhi Saleh), Xütbə 229.

[58] Nəhcül-bəlağə, Xütbə 3 (Şiqşiqiyyə xütbəsi), (Sübhi Saleh).

[59] Nakisin ərəb sözü olub, «Əhdlərini sındıranlar» mə’nasını bildirir. Əli əleyhissəlama bey’ət etdikdən sonra bir dəstə bey’ətini sındırıb Əli əleyhissəlamın üstünə qoşun çəkdilər. Təlhə və Zübeyr onlara başçılıq edirdi. (Mütərcimdən)

[60] «Qasitin» haqdan dönmüşlər, zülmkarlar deməkdir.

[61] Əmr As danışıqlardan qabaq Əbu Musa Əş’ərini görmüş onunla danışıqlar barədə söhbət etmişdir. O, söhbətində bildirmişdi ki, müsəlmanlar iki nəfərin - Əli və Müaviyənin üstündə bir-biri ilə müxalifət yaradıblar. Gəl sən Əli əleyhissəlamın nümayəndəsi kimi onu xilafətdən kənara qoy, mən də Müaviyənin nümayəndəsi kimi onu xilafətdən kənara qoyum. Sonra müsəlmanlar yığışıb özlərinə yeni bir xəlifə tə’yin etsinlər. Əbu Musa Əş’əri Əmr Asın hiyləsinə aldanıb onunla razılaşdı. Ancaq Əmr As öz dediyinə əməl etməyib Müaviyəni xilafətdə saxladı. (Mütərcimdən)

[62] Nəhcül-Bəlağə, xütbə 3.

[63] Nəhcül-Bəlağə, xütbə 33.

[64] Nəhcül-Bəlağə, məktub 45.

[65] Nəhcül-Bəlağə, xütbə 126.

[66] Nəhcül-Bəlağə, xütbə 200.

[67] Tarixi Yaqubi, c. 2, s. 180.

[68] Tarixi Təbəri, c. 4, səh. 53.

 

Mənbə: Mehdi Pişvayi, "Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyatı"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ