EURO 1,9459 NEFT 66,78
USD 1,7 RUB 0,0259

İmam Əli (ə) kimdir? (I hissə)

İmam Əli kimdir?

Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyatı
*Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) qucağında
*İlk müsəlman olmuş şəxs
*Böyük bir şücaət
*Peyğəmbərin (səlləllahu əleyhi və alih) xüsusi nümayəndəsi
*İki əsas yol ayrıcı
*Üç cəbhədə mübarizə

Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat

Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə’bə evində dünyaya göz açmışdır.[1] Atası Əbutalib[2], anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.

Həzrət Əli əleyhissəlamin həyatının bölmələri

Həzrət Əli əleyhissəlamın be’sətdən (Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək ömrünü aşağıdakı beş hissəyə bölmək olar:
1)-Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədər;
2)-Be’sətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək;
3)-Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək;
4)-Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından Əli əleyhissəlamın xəlifə olmasına qədər;
5)-Həzrət Əli əleyhissəlamın xəlifəlik dövrü (şəhadətinə qədər).
1. Əli əleyhissəlamın dünyaya gəlməsindən Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) be’sətinə (peyğəmbərliyə seçilməsinə) qədər
Yuxarıda qeyd etdik ki, əgər Əli əleyhissəlamın ömrünü beş hissəyə bölsək birinci hissə o Həzrətin təvəllüdündən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədərki dövrü əhatə edəcək. Əli əleyhissəlamın ömrünün bu hissəsi on ildən çox deyil. Çünki Həzrət Əli (əleyhissəlam) doğulanda Peyğəmbərin (səlləllahu əleyhi və alih) artıq otuz yaşı var idi və o, peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli, Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilərkən Əli əleyhissəlamın cəmi on yaşı var idi.

Əli (əleyhissəlam) Peyğəmbər qucağında

Əli (əleyhissəlam) ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin evində və onun tə’lim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar:
«Bir il Məkkədə aclıq üz vermişdi.Bu zaman peyğəmbərin əmisi Əbutalib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbutalibin dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cə’fəri, Peyğəmbər (səlləllahu əleyhi və alih) isə Əli əleyhissəlamı öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli (əleyhissəlam) Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilənədək onun evində qaldı. Peyğəmbər (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli (əleyhissəlam) onun peyğəmbərliyini təsdiq edib onun ardıcılı oldu.[3]»
Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı öz öhdəsinə götürərkən buyurmuşdur: «O kəsi seçdim ki, Allah -taala da onu mənim üçün seçmişdir.[4]»
Peyğəmbər (səlləllahu əleyhi və alih) öz uşaqlıq illərini babası Əbdül Mütəllibin vəfatından sonra əmisi Əbutalibin evində keçirtdiyinə görə istəyirdi ki, böyüdükdən sonra Əbutalibin uşaqlarından birini öz öhdəliyinə götürsün. Beləliklə də, əmisi Əbutalibin və Fatimə Əsəd qızının onun üçün çəkdikləri əziyyətlərin əvəzini çıxsın. Əbutalibin uşaqları arasında Əli əleyhissəlamı Peyğəmbərin (səlləllahu əleyhi və alih) gözü tutmuşdu.
Əli (əleyhissəlam) öz xəlifəlik dövründə «Qasiə» xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: «Siz (peyğəmbərlərin səhabələri) mənim peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi.
Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.»[5]

Əli (əleyhissəlam) hira[6] mağarasında

Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını Hira mağarasında keçirərdi. (Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin dağın başında bir mağara var. Mağaranı dağın adı ilə əlaqədar olaraq Hira mağarası adlandırmışlar.) Bu bir ay ərzində ibadətlə məşğul olardı. Əgər bir nəfər ac onun yanına getsəydi, ona yemək verərdi. Bir ay başa çatdıqdan sonra əvvəl gəlib Kə’bəni yeddi, ya da müəyyən bir miqdarda təvaf edib sonra evə qayıdardı.[7]
Tarixi faktlardan mə’lum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama olan xüsusi əlaqəsinə görə onu da özü ilə Hira mağarasına aparardı.
Vəhy mələyi (Cəbrail) ilk dəfə Hira mağarasına gəlib Məhəmmədin (səlləllahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, Həzrət Əli (əleyhissəlam) da onun yanında idi. O gün də peyğəmbərin Hira mağarasına ibadətə gedən ayın günlərindən biri idi.
Əli (əleyhissəlam) «Qasiə» xütbəsində bu barədə buyurur: «Peyğəmbər (səlləllahu əleyhi və alih) hər il Hira mağarasına ibadətə gedərdi. Məndən başqa heç kim onu görməzdi... Ona ilk dəfə vəhy nazil olan zaman mən Şeytanın fəryadını eşitdim. Peyğəmbərə (səlləllahu əleyhi və alih) dedim: “Bu nə qışqırıqdır?” Cavab verdi ki, bu, Şeytanın qışqırığıdır. Qışqırmasının səbəbi də odur ki, o, camaatı yer üzündə aldatmaqdan naümid oldu. Mən eşidənləri sən də eşidirsən, mən görənləri sən də görürsən. Təkcə fərqimiz budur ki, sən Peyğəmbər deyilsən. Sən mənim vəzirim, canişinimsən və xeyir-bərəkətlisən.»
Bu ifadənin Peyğəmbərin (səlləllahu əleyhi və alih) Peyğəmbər olduqdan sonra Hira mağarasındakı ibadətlərinə aid olmasının mümkünlüyünə baxmayaraq, ötən sübutlardan və peyğəmbərin Hira mağarasında ibadətə məşğul olmasının adətən peyğəmbərlikdən qabaq olmasından başa düşmək olar ki, bu ifadə peyğəmbərlikdən qabaqkı dövrə aiddir.
Hansı halda olursa-olsun bu ifadə bunu göstərir ki, Əli (əleyhissəlam) ruhunun paklığı və uşaqlıq dövründən Peyğəmbər tərbiyəsi ilə tərbiyələnməsi nəticəsində elə uşaqlıq dövründən adi insanların eşitmədiyi və görmədiyi (və yalnız peyğəmbərlərin eşidib gördüyü) şeyləri eşidib və görüb.
İbn Əbil Hədid Nəhcül-bəlağənin şərhində yazır:
«Səhih1 kitablarında rəvayət olunmuşdur ki, Cəbrail birinci dəfə peyğəmbərə nazil olub onun Peyğəmbər seçildiyini bildirdikdə Əli (əleyhissəlam) da peyğəmbərin yanında idi.2»

2. Be’sətdən Peyğəmbərin hicrətinədək

Həzrət Əli əleyhissəlamın ömrünün ikinci hissəsini be’sətdən Mədinəyə hicrətə qədərki dövr təşkil edir. Bu hissə on üç ildən ibarətdir. Həzrət Əli əleyhissəlamın İslamın dirçəlişi yolunda göstərdiyi bir sıra şücaətlər və xidmətlər bu hissəyə aiddir. Elə xidmətlər ki, İslamda Əli əleyhissəlamdan başqa heç kimə nəsib olmayıb.

İslamı qəbul etmiş ilk insan

Əli əleyhissəlamın bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək, Əli (əleyhissəlam) bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli (əleyhissəlam) əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır.[9] Yə’ni, Əli əleyhissəlamın İslamı qəbul etməsi bu mə’naya deyil ki, o, bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. (Ancaq peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mə’nayadır.)
İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər, fəzilətdir ki, Qur’an açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar, öndə olanlar! Bunlar [Allahın dərgahına, Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.»[10]
Qur’anın İslamı qəbul etməkdə irəli düşməyə xüsusi diqqəti o qədərdir ki, hətta Məkkənin fəthindən qabaq müsəlman olanlar Məkkə fəthində sonra müsəlman olanlardan üstün sayılır. Gör indi hicrətdən qabaq müsəlman olanlar nə dərəcədədirlər? «Sizlərdən [mal-dövlətini] fəthdən [Məkkənin fəthindən] əvvəl [Allah yolunda] sərf edənlər və [müşriklərə qarşı] vuruşanlar [başqaları ilə] eyni deyillər. Onlar [mallarını Allah yolunda] fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e’tibarı ilə daha üstündürlər. Bununla belə, Allah-taala onların hamısına [həm birincilərə, həm də ikincilərə] ən gözəl mükafat [Cənnət] və’d buyurmuşdur.»[11]
Məkkənin fəthindən (hicrətin səkkizinci ilindən) qabaq müsəlman olanların dərəcələrinin üstün olması ona görədir ki, onlar İslamı qəbul edəndə İslam dini hələ Ərəbistan yarımadasına tam yayılmamışdı, müşriklərin qərargahı olan Məkkə şəhəri İslamın düşməni olaraq qalırdı. Müsəlmanlar hələ qorxu içərisində yaşayırdılar. Düzdür, müsəlmanlar Mədinəyə hicrət etdikdən və Mədinənin böyük qəbilələri Ovs və Xəzrəcin və bir çox başqa qəbilələrin İslama gəlməsindən sonra müsəlmanlar bir qədər gücləndilər və bir çox müharibələrdə meydandan qalib kimi çıxdılar. Belə bir zamanda İslamı qəbul etmək böyük üstünlüyə malikdirsə, şübhəsiz ki, İslamın ilkin çağlarında (hicrətdən qabaq) Qüreyşin və bütpərəstlərin camaata meydan oxuduqları bir dövrdə İslamı qəbul etmək daha çox üstünlüyə malik olmalıdır. Buna əsasən də, peyğəmbərin səhabələri arasında İslamı qəbul etməkdə irəli düşmək (və hətta birinci olmaq) böyük bir şərəfdir.
Beləliklə də, Əli əleyhissəlamın İslamı birinci qəbul etməsinin də nə dərəcədə üstün olması mə’lum olur.

Əli əleyhissəlamın ilk müsəlman olması haqda sübutlar

Əli əleyhissəlamın birinci şəxs olaraq İslamı qəbul etməsi haqda kitablarda o qədər sübutlar qeyd etmişlər ki, onların hamısını bu kitabda qeyd etmək mümkün deyil. Ancaq nümunə üçün onların bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
a) Hamıdan əvvəl Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü Əli əleyhissəlamın İslamı birinci qəbul etməsini təsdiqləmiş və camaat arasında buyurmuşdur: «Qiyamət günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır.»[12]
b) Alimlər və rəvayətçilər söyləmişlər:
«Həftənin birinci günü Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçildi və Əli (əleyhissəlam) səhərisi gün onunla birgə namaz qıldı.»[13]
v) Həzrət Əli (əleyhissəlam) özü «Qasiə» xütbəsində buyurur: “O vaxt (İslamın təzəcə vaxtı) İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə onların üçüncüsü idim. Vəhy və nübüvvət iyini duyur və görürdüm.»
q) Həzrət Əli (əleyhissəlam) başqa bir hədisdə özünün İslamı qəbul etməkdə irəli düşməsi barədə belə buyurmuşdur: «İlahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. İlk dəfə olaraq mən Sənin xəbərini eşitdim və Peyğəmbərin (səlləllahu əleyhi və alih) də’vətini qəbul etdim. O vaxt məndən başqa ancaq Peyğəmbər namaz qılırdı.»
d) Əli (əleyhissəlam) buyurardı: «Mən Allah bəndəsi, peyğəmbərin qardaşı və çox doğru danışan bir şəxsəm. Bu sözü məndən başqa kim deyərsə, bilin ki, o yalançıdır. Mən camaatdan yeddi il qabaq Peyğəmbərlə birgə namaz qılmışam.»[14]
e) Üfeyr ibn Qeys Kendi deyir: «Mən cahiliyyət dövründə ətriyyat satıcısı idim. Ticarət səfərlərimin birində Məkkəyə getdim və (Məkkə tacirlərindən biri olan) Abbasın qonağı oldum. Günlərin birində Məscidül-həramda Abbasla birgə oturmuşduq. Günəş göyün ortasına çatanda, sifəti parlaq ay parçasına bənzər bir cavan kişi məscidə gəldi. Göyə baxdı və sonra üzünü Kə’bəyə çevirərək namaz qılmağa başladı. Bir az keçməmiş gözəl bir gənc oğlan da gəlib ona qoşularaq onun sağında durdu. Sonra çadraya bürünmüş bir qadın gəlib o iki nəfərin arxasında durdu. Beləliklə, üçü də namaz qılmağa başladı.
Mən (bütpərəstliyin mərkəzi olan Məkkədə üç nəfərin ayrı dinə sitayiş etməsindən) çox təəccübləndim. Üzümü Abbasa tutub dedim: “Bu çox böyük hadisədir!” O da mənə dedi: “Bu üç nəfəri tanıyırsan?” Dedim ki, xeyr. Abbas dedi: “Birinci gəlib hamıdan qabaqda duran mənim qardaşım oğlu Məhəmməd ibn Abdullahdır. İkinci gələn başqa bir qardaşımın oğlu Əli ibn Əbutalibdir. Üçüncü gələn də, Məhəmmədin (səlləllahu əleyhi və alih) həyat yoldaşıdır. Məhəmməd (səlləllahu əleyhi və alih) iddia edir ki, onun dini Allah-taala tərəfindən nazil olub. İndi yer üzündə bu üç nəfərdən başqa heç kim bu dinə qulluq etmir.»[15]
Bu hadisədən çox gözəl mə’lum olur ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) də’vətini əvvəllər həyat yoldaşı Xədicədən başqa ancaq Əli (əleyhissəlam) qəbul etmişdir.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) hamisi və canişini

İslam peyğəmbəri öz də’vətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə də’vətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama də’vət edirdi.
Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki, Peyğəmbər də’vətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır.
Bu barədə Allah-taala Qur’anda belə buyurmuşdur: Və ən yaxın qohumlarını qorxut!Sənə tabe olan mö’minləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar, onlara belə de: «Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam[16]!»
Ümumi və aşkar də’vətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki, əgər bir nəfərin də’vətini onun öz qohum-əqrabası qəbul etməsə, onun sözü başqalarına əsla tə’sir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox gözəl bələddirlər. Bu səbəbdən onların iman gətirməsi, peyğəmbəri təsdiq etməsi onun doğruluğuna sübut hesab olunur. Əksinə, qohum-əqraba onun də’vətini qəbul etmədikdə bu, iddianın düzgün olmadığını bildirir. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama tapşırdı ki, Bəni-Haşim qəbiləsinin qırx beş nəfər böyük şəxsiyyətlərini nahara qonaq çağırıb onlar üçün ət yeməyi bişirsin. Süfrəyə süd qoymağı da unutmasın.
Qonaqlar hamı bir nəfər kimi tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmisi Əbu-Ləhəb öz yersiz söhbətlərilə məclisi bir-birinə vurub məclisin hazırlığını aradan apardı. Beləliklə də, məclis heç bir nəticə vermədən başa çatdı. Qonaqlar da durub hərə öz evinə getdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) qərara gəldi ki, səhəri gün yenə qohumlarını nahara də’vət etsin və Əbu-Ləhəbdən başqa dünən gələnlərin hamısını bir daha evə çağırsın. Yenə Əli (əleyhissəlam) qonaqlar üçün yemək və süd hazırlayaraq qohumları nahara və peyğəmbərin söhbətinə qulaq asmaq üçün evə çağırdı. Qonaqlar yenə də tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) söhbətə başlayaraq buyurdu: «Mənim öz qohumlarım üçün gətirdiyim şeydən yaxşı bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün dünya və Axirət xeyrini gətirmişəm. Allahım mənə əmr edib ki, sizi tövhidə, təkallahlığa və öz nübüvvətimə də’vət edim. Bu işdə kim mənə kömək etməklə mənim qardaşım, varisim və sizin aranızdakı nümayəndəm olar?»
Peyğəmbər (səlləllahu əleyhi və alih) bunu deyib bir az sükut etdi. İstəyirdi görsün kim onun sualına müsbət cavab verəcək. Ancaq bütün məclisi sükut bürümüşdü. Hamı təəccüblü halda başını aşağı salıb fikirləşirdi. Bu zaman on dörd yaşlı[17] Əli ibn Əbutalib məclisin sükutunu pozaraq ayağa qalxdı, üzünü Peyğəmbərə (səlləllahu əleyhi və alih) tutub buyurdu: «Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm!» Bunu deyib peyğəmbərlə bey’ət etmək üçün (razılıq əlaməti olaraq) əlini ona tərəf uzatdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama əmr etdi ki, yerində əyləşsin.
İkinci dəfə Peyğəmbər (səlləllahu əleyhi və alih) öz sözlərini yenə təkrar etdi. Yenə də Əli (əleyhissəlam) ayağa qalxıb bu işə hazır olduğunu bildirdi.Peyğəmbər (səlləllahu əleyhi və alih) ikinci dəfə də Əli əleyhissəlama oturmasını əmr etdi.
Üçüncü dəfə də Əli əleyhissəlamdan başqa peyğəmbərə cavab verən olmadı. Təkcə Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqəddəs fikrini dəstəklədi. Bu vaxt Peyğəmbər (səlləllahu əleyhi və alih) əlini Əli əleyhissəlamın əlinin üzərinə qoyaraq Bəni-Haşim qəbiləsinin böyükləri arasında Əli (əleyhissəlam) barədə öz tarixi cümləsini buyurdu: «Ey mənim qohum-əqrəbam! Əli mənim qardaşım, varisim və sizin aranızda xəlifəmdir (canişinimdir).»[18]
Beləliklə, sonuncu peyğəmbərin birinci xəlifəsi İslamın əvvəllərində və çox az insanın müsəlman olduğu bir dövrdə tə’yin olundu.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz peyğəmbərliyini Əli əleyhissəlamın İmaməti ilə bir gündə qeyd etməsi, yə’ni, Peyğəmbər camaata (qohum-əqrəbasına) «mən sizin peyğəmbərinizəm» buyurduğunu «Əli mənim canişinimdir» buyurduğu ilə birgə qeyd etməsi İslam dinində İmamət məqamının nə dərəcədə yüksək olduğunu sübut edir. Bundan mə’lum olur ki, bu iki məqam (nübüvvət və İmamət məqamı) bir-birindən ayrı deyil və İmamət məqamı nübüvvətin təkmil edicisidir.

Böyük bir şücaət

Be’sətin on üçüncü ili zilhiccə ayının on üçündə peyğəmbərlə Yəsrib (Mədinə) şəhərinin sakinləri arasında ikinci Əqəbə peymanı bağlanır. Mədinəlilər peyğəmbərin Yəsribə gəlməsini istəyərək bildirdilər ki, onlar peyğəmbəri himayə və müdafiə edəcəklər. Həmən günün səhərindən e’tibarən Məkkə müsəlmanları yavaş-yavaş Yəsribə köçməyə başladılar. Bundan xəbər tutan müşriklər bildilər ki, İslam dini üçün yeni mərkəz qurulur və bu onlar üçün böyük bir təhlükə yaradır. Onlar qorxurdular ki, Peyğəmbər Yəsribə köçdükdən sonra çəkdiyi əzab-əziyyətlərin, müşriklərin ona və müsəlmanlara qarşı göstərdiyi təzyiqlərin intiqamını almaq fikrinə düşüb müşriklərlə müharibəyə başlayacaq. Əgər müharibə etmək fikri də olmasa, Qüreyş tayfasının (Məkkənin) Yəsrib şəhərinin kənarından keçdiyi Şam (indiki Dəməşq) şəhəri ilə Məkkəni birləşdirən ticarət yolunun qarşısını kəsəcək. Bu təhlükənin qarşısını almaq üçün be’sətin on dördüncü ili səfər ayının sonunda «Darun-nədvə»də - Məkkənin şura yığıncağında yığışıb təkliflər irəli sürdülər. Bə’ziləri belə təklif verdilər ki, Məhəmmədi (səlləllahu əleyhi və alih) ya sürgün etsinlər, ya da həbsə alsınlar. Ancaq bu təklif hamı tərəfindən qəbul olunmadı. Çox götür-qoy etdikdən sonra nəhayət belə qərara gəldilər ki, peyğəmbəri öldürsünlər. Ancaq onu öldürmək heç də asan iş deyildi. Çünki əgər onu öldürsələr, Bəni-Haşim sakit oturmayıb ayağa qalxacaq və qatildən qisas tələb edəcəkdi. Nəhayət belə planlaşdırdılar ki, hər qəbilədən bir nəfər (gənc) yığışıb gecə vaxtı Məhəmmədi (səlləllahu əleyhi və alih) yuxuda olarkən qətlə yetirsinlər. Belə olduqda qatil təkcə bir nəfər olmayacaq və Bəni-Haşim qisas tələb edə bilməyəcək. Çünki Məhəmmədin (səlləllahu əleyhi və alih) qətlində hər bir qəbilənin nümayəndəsi var və onlar bütün qəbilələrlə vuruşa bilməzlər. Çarəsiz qalıb Məhəmmədin (səlləllahu əleyhi və alih) qan bahasını (qan pulunu) almaqla kifayətlənəcəklər. Beləliklə də, hər şey bitəcək.
Bu planı həyata keçirmək üçün müşriklər rəbiül-əvvəl ayının birinci gecəsini tə’yin etdilər.
Allah-taala Qur’anda müşriklərin irəli sürdükləri hər üç təklifi açıqlayaraq buyurmuşdur: «[Ya Məhəmməd!] Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da [Məkkədən] çıxarıb qovmaq üçün [Darun-nədvədə] sənə qarşı hiylə qururdular. Allah onların da [bu hiyləsinə qarşı] tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır[19].»
Müşriklərin bu pis təklifindən sonra vəhy mələyi nazil olub Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu işdən xəbərdar etdi və bildirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) (doğma vətəni olan) Məkkəni tərk edib, Yəsribə getməlidir.
Burada Peyğəmbər (səlləllahu əleyhi və alih) Məkkədən çıxmaq üçün «iz itirmək» taktikasından istifadə etməli idi. Buna görə də, canından keçmiş şücaətli, ürəkli bir nəfər lazım idi ki, gecəni peyğəmbərin yatağında yatsın. Beləliklə, evi mühasirəyə almış müşriklər yatan şəxsin Məhəmməd (səlləllahu əleyhi və alih) olduğunu güman edib bütün nəzərlərini evə cəlb etsinlər və yollara nəzarət etmək fikrindən daşınsınlar. Belə bir şəxs Əli əleyhissəlamdan başqa kim ola bilərdi?
Bu səbəbdən Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı müşriklərin qurduğu hiylədən agah edib ona dedi ki, bu gecə o, peyğəmbərin yerində yatmalı və Peyğəmbərin yatarkən üstünə örtdüyü yaşıl parçanı üstünə çəkib kafirlərin fikrini özünə cəlb etməlidir. (Bu yolla onlar məni tə’qib edə bilməyəcəklər.)
Əli (əleyhissəlam) peyğəmbərin dediyi kimi də etdi.
Müşriklər gecə olan kimi Peyğəmbərin (səlləllahu əleyhi və alih) evini mühasirəyə aldılar. Səhərə yaxın əllərində qılınc Peyğəmbərin (səlləllahu əleyhi və alih) evinə tökülüşdülər. Bu vaxt Əli (əleyhissəlam) yataqdan qalxdı. Səhərə qədər planlarını dəqiqliklə və yüz faiz həyata keçdiyini güman edən müşriklər yataqda olan şəxsin Əli (əleyhissəlam) olduğunu gördükdə, bərk qəzəblənərək Əli əleyhissəlamdan soruşdular: “Məhəmməd (səlləllahu əleyhi və alih) hardadır?” Əli (əleyhissəlam) onların cavabında buyurdu: “Məgər Məhəmmədi (səlləllahu əleyhi və alih) mənə tapşırmışdınız ki, indi də məndən istəyirsiniz? Siz elə iş gördünüz ki, o evini atıb getməli oldu.” Vəziyyəti belə görən müşriklər Əli əleyhissəlamı tutub (Təbərinin dediyinə görə) ona əziyyət verməyə başladılar. Onu Məscidül-hərama aparıb bir az saxladıqdan sonra buraxdılar. Sonra Peyğəmbəri (səlləllahu əleyhi və alih) tutmaq məqsədilə Yəsribə tərəf hərəkət etdilər.
Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) Sur mağarasında gizlənmişdi.[20]
Qur’ani-Məcid Əli əleyhissəlamın fədakarlığını əbədi tarixə yazaraq bir ayədə bu məsələyə toxunmuş və Əli əleyhissəlamı canını Allah-taala yolunda fəda edən şəxs kimi qələmə vermişdir: «İnsanlardan eləsi də var ki, Allah-taalanın razılığını qazanmaq yolunda [Allah Rizası üçün] öz canını fəda edər. Allah-taala Öz bəndələrinə qarşı çox mehribandır.» (“Bəqərə” surəsi, ayə 207)

3. Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək
Əli (əleyhissəlam) Peyğəmbərin qardaşı

İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Peyğəmbər (səlləllahu əleyhi və alih) müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) yaratmaq və onu genişləndirmək üçün çox sə’ylər etmişdir. O cümlədən, Peyğəmbər (səlləllahu əleyhi və alih) Yəsribə[22] gəldikdən sonra mühacirlər (hicrət etmiş müsəlmanlar) və ənsar (Peyğəmbərin Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də, bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: «Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun.» Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə, onlar arasında mehribançılıq daha da artdı.
Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar.
Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra Əli (əleyhissəlam) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib buyurdu: «Məni heç kimlə qardaş etmədin.» Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Sən hər iki dünyada mənim qardaşımsan![23].» Sonra özü ilə Əli (əleyhissəlam) arasında qardaşlıq siğəsi oxudu.[24]
Bu məsələ Əli əleyhissəlamın fəzilət və əzəmətinin nə dərəcədə olduğunu göstərməklə yanaşı, həm də Əli əleyhissəlamın peyğəmbərə nə qədər yaxın olduğunu göstərir.

Əli (əleyhissəlam) döyüş meydanlarında

Əli əleyhissəlamın həyatı Peyğəmbərin (səlləllahu əleyhi və alih) hicrətindən o Həzrətin vəfatına qədər çoxlu hadisələrlə, xüsusən döyüş meydanlarında göstərdiyi hünər və şücaətlərlə doludur.
Peyğəmbər (səlləllahu əleyhi və alih) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) peyğəmbərin özü komandanlıq etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında Əli (əleyhissəlam) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə Əli (əleyhissəlam) iştirak etməmişdir. Onda da Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər peyğəmbərin olmamasından istifadə edib Mədinədə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın.
Bu müharibələrin hamısı haqqında danışmaq bu kitabın tutumundan xaric olduğu üçün təkcə Əli əleyhissəlamın Peyğəmbər dövründəki dörd əsas müharibədə göstərdiyi hünər və şücaətlərdən söhbət edəcəyik.

1) Əli (əleyhissəlam) Bədr döyüşündə

Hamıya mə’lumdur ki, Bədr döyüşü müsəlmanlarla müşriklər arasında baş vermiş ilk döyüşdür. Bu döyüş ilk döyüş olduğundan iki tərəf arasında bir imtahan rolunu oynayırdı və bu döyüşdə hər hansı tərəfin qalib gəlməsi çox mühüm idi.
Bədr döyüşü hicrətin ikinci ilində baş vermişdir. Hicrətin ikinci ili Peyğəmbərə (səlləllahu əleyhi və alih) xəbər çatır ki, Qüreyşin ticarət karvanı İslamın köhnə düşməni olan Əbu Süfyanın başçılığı ilə Şamdan Məkkəyə qayıtmaq istəyir. Əvvəldə dediyimiz kimi Şama gedən ticarət yolu Mədinənin kənarından keçirdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) mühacir və ənsardan təşkil olunmuş üç yüz on üç nəfərlik bir ordu götürüb Qüreyşin karvanını ələ keçirtmək məqsədilə Bədr məntəqəsinə yola düşdü.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu hərəkətdən məqsədi müşriklərə əsas ticarət yolunun müsəlmanların əlində olduğunu çatdırmaq idi. Əgər müşriklər İslamı yaymaqda müsəlmanlara mane olmaqla onları rahat buraxmasalar, müsəlmanlar da onların əsas ticarət yolunu kəsəcəklər.
Müsəlmanların hərəkətindən xəbər tutan Əbu Süfyan karvanın yolunu dəyişib Qırmızı dənizin kənarı ilə hərəkət edərək Mədinədən uzaqlaşdı. Bir nümayəndə göndərib müşrikləri vəziyyətdən xəbərdar edərək Məkkə əhlindən müsəlmanlarla vuruşmaq üçün kömək istədi.
Əbu Süfyanın başçılığı ilə doqquz yüz əlli nəfərdən min nəfərə qədər cəngavər müşrik Mədinəyə tərəf yola düşdü. Ramazan ayının (hicrətin ikinci ilində) on yeddisində müsəlmanlarla müşriklər Bədr quyuları kənarında üz-üzə gəldilər. Müşriklər sayca üç dəfə müsəlmanlardan artıq idilər.
Döyüş başlayanda Qüreyşin ən güclü qəhrəmanlarından üçü-Ütbə (Əbu Süfyanın qaynatası, Hindənin atası), Şeybə (Ütbənin böyük qardaşı) və Vəlid (Ütbənin oğlu) meydana çıxıb döyüşçü tələb etdilər. Bu zaman ənsardan üç nəfər irəli çıxıb özlərini tanıtdıraraq onlarla vuruşmaq istədilər. Qüreyş pəhləvanları onlarla vuruşmağa razı olmayıb qışqırdılar: “Ey Məhəmməd! Bizimlə vuruşmağa öz qohumlarımızdan, bizim şə’nimizə layiq olan adamlardan göndər!”
Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) Übeydə ibn Haris ibn Əbdül Müttəlibə, Həmzə ibn Əbdül Müttəlibə və Əli ibn Əbutalibə əmr etdi ki, meydana çıxıb o üç nəfərlə vuruşsunlar. Onlar meydanın ortasına gəlib özlərini tanıtdırdılar. Müşriklər (Ütbə, Şeybə və Vəlid) onların üçünü də qəbul edib dedilər: “Bəli, siz bizim şə’nimizə layiqsiniz”. Beləliklə, Həmzə Şeybə ilə, Übeydə Ütbə ilə və döyüşçülərin ən cavanı olan Əli (əleyhissəlam) Müaviyənin dayısı (Əbu Süfyanın qaynı, Hindənin qardaşı və Ütbənin oğlu) Vəlidlə vuruşmalı oldu. Təkbətək döyüş başlandı. Əli və Həmzə tez bir zamanda öz rəqiblərini öldürdülər. Ancaq Übeydə ilə Ütbə hələ də vuruşurdular. Heç biri digərini məğlub edə bilmirdi. Buna görə də, rəqiblərini öldürmüş Əli (əleyhissəlam) ilə Həmzə Übeydənin köməyinə çatıb Ütbəni də öldürdülər.[25]
Əli (əleyhissəlam) (xəlifə olduğu dövrdə və Müaviyənin ona düşmən kəsildiyi bir vaxtda) Müaviyəyə yazdığı məktubların birində bu hadisəyə işarə edərək buyurur: «Bədr döyüşündə baban Ütbəni, dayın Vəlidi və qardaşın Hənzələni öldürdüyüm qılınc indi də məndədir.»[26]
İslamın üç böyük qəhrəmanlarının təkbətək döyüşdə qalib gəlmələri müşriklərin ordu başçılarının ruhiyyəsini tamamilə zəiflətdi. Bundan sonra ümumi döyüş başlandı. Ancaq bunun da bir xeyri olmadı. Müşriklər məğlub oldu və yetmiş nəfər əsir düşdü...
Bu döyüşdə ölən müşriklərin yarıdan çoxu Əli əleyhissəlamın qılıncı ilə qətlə yetirildi.
Mərhum Şeyx Müfid Bədr döyüşündə ölənlərin otuz altısının Əli (əleyhissəlam) tərəfindən öldürüldüyünü qeyd etmiş və onların hamısının adını çəkmişdir. O yazır ki, «şiə və sünni hədis söyləyənləri hamı yekdilliklə qeyd etmişlər ki, bunları (otuz altı nəfəri) Əli (əleyhissəlam) təkbaşına öldürmüşdür. Yalnız bir neçə nəfərin qatili barədə mübahisə var. Bir neçə nəfərin qətlində isə Əli (əleyhissəlam) başqaları ilə şərik olmuşdur.»[27]

2) Əli əleyhissəlamın Ühüd döyüşündəki misilsiz şücaəti

Qüreyş müşriklərinin ruhiyyəsi Bədr döyüşündəki məğlubiyyət nəticəsində çox zəiflədi. Buna görə də, onlar qərara aldılar ki, bu məğlubiyyətin əvəzini çıxmaq və ölənlərin intiqamını almaq üçün sayca çoxlu və qüvvətli bir ordu ilə Mədinəyə hücum etsinlər.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəşfiyyat dəstəsi Qüreyşin bu fikrini Peyğəmbərə (səlləllahu əleyhi və alih) çatdırdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) nizami bir şura təşkil etdi. Şuradakıların bir çoxu belə bir təklif irəli sürdülər ki, müsəlmanlar müşriklərlə vuruşmaq üçün Mədinədən kənara çıxmalıdırlar.
Peyğəmbər (səlləllahu əleyhi və alih) min nəfərlik ordu ilə Mədinənin şimalında yerləşən Ühüd dağına tərəf hərəkət etdi. Yolun yarısında İslam ordusundan məşhur münafiq Abdullah ibn Übeyyin üç yüz tərəfdarı onun sözü ilə Mədinəyə qayıtdı. Beləliklə, İslam ordusunda cəmi yeddi yüz nəfər döyüşçü qaldı. Hicrətin üçüncü ili şəvval ayının yeddisi səhər çağı iki qoşun Ühüd dağının ətəyində bir-biri ilə üz-üzə gəldi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) döyüş başlamazdan qabaq bütün məntəqəni nəzərdən keçirtdi. Peyğəmbərin nəzərini dağın başında olan yol özünə cəlb etdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) fikirləşdi ki, kafirlər döyüşün qızğın vaxtında oradan keçib müsəlmanlara arxadan zərbə endirə bilərlər. Bu təhlükənin qarşısını almaq məqsədilə, Peyğəmbər (səlləllahu əleyhi və alih) Abdullah ibn Cübeyr adlı şəxsi əlli nəfər oxatanla həmin yolu nəzarət altına almağa göndərdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) ona dönə-dönə tapşırdı ki, əsla oranı boş qoymamalı, hətta müsəlmanlar qalib gəldiyi halda da, oradan uzaqlaşmasınlar.
Digər tərəfdən o vaxtın döyüşlərində bayraqdar (bayrağı əlində tutan) çox böyük əhəmiyyət daşıyırdı. Buna görə də, bayraq həmişə şücaətli və qüvvətli şəxsə verilirdi. Bayraqdarın ayaq üstə olması və bayrağın daima uca qalması döyüşçülərin ruhiyyəsini artırırdı. Eləcə də əksinə, bayraqdarın ölməsi və bayrağın yerə düşməsi döyüşçülərin ruhiyyəsini zəiflədirdi. Buna görə də, döyüşçülərin ruhiyyəsini artırmaq üçün döyüşdən qabaq neçə nəfər bayraqdar tə’yin olunurdu. (Əgər biri öldü o biri bayrağı tutardı. Əgər o da ölsə, üçüncü, dördüncü... şəxs bayrağı tutardı.)
Ühüd döyüşündə Qüreyş bu qaydaya əməl edib ən şücaətli tayfa olan «Bəni-Əbdüddar» qəbiləsindən bir neçə bayraqdar tə’yin etdi. Ancaq döyüş başlanan kimi onların bayraqdarları bir-birinin ardınca Əli əleyhissəlamın qılıncı ilə həlak olurdu. Beləliklə də, müşriklərin bayrağı yerə düşür və qoşun qaçmağa üz tuturdu.
İmam Sadiq (əleyhissəlam) bu barədə buyurmuşdur: «Ühüd döyüşündə müşriklərin doqquz bayraqdarı olmuş və onların doqquzu da Əli əleyhissəlamın qılıncı ilə qətlə yetirilmişdir.»[28]
Həmçinin ibn Əsir yazır:«Qüreyşin bayraqdarlarını həlak edən Əli (əleyhissəlam) idi.»[29]
Mərhum Şeyx Səduq rəvayət edir ki, Əli (əleyhissəlam) Ömərin ölümündən sonra xəlifə tə’yin etmək üçün təşkil olunmuş altı nəfərlik şurada öz rəqiblərinə meydan oxuyaraq bu məsələyə toxunub buyurmuşdur: «Sizi and verirəm Allaha, deyin görüm, burada (bu altı nəfərin arasında) Ühüd döyüşündə Bəni-Əbdüddar qəbiləsinin doqquz nəfər bayraqdarını məndən başqa öldürən varmı?» Daha sonra İmam (əleyhissəlam) əlavə edib buyurdu: «Bu doqquz nəfər bayraqdarın ölümündən sonra Bəni-Əbdüddar qəbiləsinin iri bədənli Sə’vəb adlı nökəri meydana çıxdı, ağzı köpüklənmiş, gözləri qanla dolmuş halda deyirdi ki, ağalarımın qisasını almaq üçün Məhəmməddən (səlləllahu əleyhi və alih) başqa heç kimi öldürməyəcəyəm. Siz onu görcək qorxub hərəniz bir kənara çəkildiniz. Ancaq mən onun döyüşünə getdim. Bizim aramızda iki tərəfli vuruş oldu. Mən ona, o da mənə zərbələr endirirdi. Nəhayət, mən ona elə bir zərbə endirdim ki, o, kəmərdən aşağı iki hissəyə bölündü.»
Şura üzvləri hamı yekdilliklə Əli əleyhissəlamın dediklərini təsdiqlədilər.[30]
Qüreyş ordusu zəiflədi, bayraqdarları bir-birinin ardınca yerə sərildilər. Dağın başındakı yolu qoruyan oxatanlar bunu görüb qənimət ələ keçirtmək üçün yerlərini boşaldıb aşağı enmək istədilər. Onların başçısı Abdullah Peyğəmbərin (səlləllahu əleyhi və alih) tapşırığını bir daha onlara xatırlatdı. Ancaq onlar Abdullahın sözünə heç bir məhəl qoymayıb qırx nəfərdən çox oxatan qənimət ələ keçirtmək üçün dağdan aşağı endi. Abdullah isə on nəfərdən az oxatanla dağın başında qaldı.
Bu hadisəni müşahidə edən Xalid ibn Vəlid müsəlmanların dağın başındakı yolu gözdən buraxdıqlarını dərhal görüb bir dəstə ilə ora hücum edərək orada qalan beş-on nəfər oxatanı öldürdü və arxadan müsəlmanlara hücum etdi. Bunu görən Əmrə binti Əlqəmə adlı Qüreyşin müşrik qadınlarından biri Qüreyşin ayaq altına düşmüş bayrağını qaldıraraq döyüşçülərin ruhiyyəsini artırdı. Bundan sonra döyüşün gedişatı tamamilə dəyişdi. Müsəlmanların nizami sıraları bir-birinə dəydi. Səflər bir-birindən ayrıldı. Döyşçülərin baş komandanla əlaqəsi kəsildi. Beləliklə, müsəlmanlar məğlubiyyətə uğradılar. İslam mücahidlərinin təxminən yetmiş nəfəri, o cümlədən Həmzə ibn Əbdül Müttəlib (Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz əmisi) və İslam ordusunun bayraqdarlarından biri Müs’əb ibn Ümeyr şəhid oldular.
Digər tərəfdən döyüş meydanında müşriklər Peyğəmbərin (səlləllahu əleyhi və alih) öldürülməsi şayiəsini yaymaqla müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətdilər. Bir tərəfdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) ölüm şayiəsi, digər tərəfdən isə müşriklərin yenidən hücuma keçməsi müsəlmanların əksəriyyətinin döyüş meydanından qaçmasına səbəb oldu. Döyüş meydanında Peyğəmbərin (səlləllahu əleyhi və alih) kənarında tək-tük adam qalmışdı. İslamın həssas və böhranlı anları gəlib çatmışdı.
Burada Həzrət Əli əleyhissəlamın rolu mə’lum oldu. Çünki Əli (əleyhissəlam) misilsiz şücaət və rəşadətlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) kənarında vuruşur və İslamın müqəddəs və ulu rəhbəri Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alih) müşriklərin amansız və ardıcıl hücumlarından qoruyurdu.
İbn Əsir öz kitabında yazır: «Peyğəmbər (səlləllahu əleyhi və alih) hücum etmək məqsədində olan bir dəstə müşriki görüb Əli əleyhissəlama əmr etdi ki, onlara hücum etsin. Əli (əleyhissəlam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmrilə onlara hücum edərək bir neçəsini öldürməklə onları bir-birindən ayırdı. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) başqa bir dəstə görüb yenə Əli əleyhissəlama onlara hücum etməyi əmr etdi. Əli (əleyhissəlam) da onların bir neçəsini öldürərək onları bir-birinin ətrafından dağıtdı. Bu zaman vəhy mələyi Peyğəmbərə (səlləllahu əleyhi və alih) nazil olub dedi: “Əli (əleyhissəlam) son dərəcə şücaət göstərir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) ona buyurdu: “O məndən, mən də ondanam.” Bu vaxt göydən belə bir səs eşidildi: «La seyfə illa Zulfiqar və la fəta illa Əli.» (Zülfiqardan başqa heç bir qılınc və Əlidən başqa heç bir cavan yoxdur.)[31] »
İbn Əbil Hədid yazır: «Elə ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrinin çoxu qaçmağa başladı, müşriklər peyğəmbərə hücumlarını artırdılar. Bəni-Kənanə qəbiləsindən bir dəstə, Bəni-Əbd Mənat dəstəsindən də digər bir dəstə Peyğəmbərə (səlləllahu əleyhi və alih) tərəf hücum etdilər. Onların arasında dörd adlı-sanlı pəhləvan gözə dəyirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama əmr etdi ki, bunların hücumunun qarşısını alsın. Əli (əleyhissəlam) piyada vuruşurdu. Əlli nəfərdən ibarət olan bu dəstəyə hücum edib onları bir-birindən ayırdı. Onlar bir neçə dəfə birləşib Peyğəmbərə (səlləllahu əleyhi və alih) hücum etmək istəsələr də, ancaq Əli əleyhissəlamın müqavimətini qıra bilmədilər. Bu hücumlarda yuxarıda qeyd etdiyimiz dörd pəhləvan və tarixdə adları mə’lum olmayan digər on nəfər Əli əleyhissəlamın qılıncı ilə yerə sərildilər.
Cəbrail Peyğəmbərə dedi: “Əli (əleyhissəlam) doğrudan da sənə çox kömək edir. Mələklər bu cavanın sənə etdiyi köməkdən (göstərdiyi şücaətdən) heyran qalmışlar.” Peyğəmbər (səlləllahu əleyhi və alih) Cəbrailə buyurdu: “Nəyə görə də belə olmasın? O məndən, mən də ondanam.” Cəbrail dedi: “Mən də sizdənəm.” Həmin gün asimandan belə bir səs eşidilirdi: «La seyfə illa Zulfiqar və la fəta illa Əli.» (Zülfiqardan başqa heç bir qılınc və Əli əleyhissəlamdan başqa heç bir cavan yoxdur.) Bu cümlə dəfələrlə təkrar edilirdi. Səs eşidilir, ancaq deyən görünmürdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) soruşdular ki, bunu deyən kimdir? Cavab verdi ki, Cəbrail.[32]

3) Əli (əleyhissəlam) «Əhzab» (Xəndək) döyüşündə

Əhzab[33] döyüşü adından da mə’lum olduğu kimi İslamın müxtəlif düşmənlərinin əl-ələ verib təzəcə çiçəklənmiş İslamı aradan aparmaq istədikləri döyüşdür.
Bə’zi tarixçilər bu döyüşdə iştirak edən kafirlərin sayının on mindən çox olduğunu bildirmişlər. İslam ordusu isə cəmi üç min nəfər idi.
Bu döyüşün rəhbərliyini öhdələrinə götürmüş Qüreyş başçıları öz ordularının say çoxluğunu və əllərində olan çoxlu döyüş avadanlıqlarını nəzərə alaraq belə güman edirdilər ki, bu döyüşlə onlar müsəlmanları tamamilə məhv edəcək və Məhəmmədi (səlləllahu əleyhi və alih) aradan götürməklə onun və silahdaşlarının əlindən bir dəfəlik yaxa qurtaracaqlar.
Kafirlərin hərəkət xəbəri Peyğəmbərə (səlləllahu əleyhi və alih) çatdırıldıqda, Peyğəmbər (səlləllahu əleyhi və alih) nizami şura təşkil etdi. Bu şurada Salman Farsi belə təklif etdi ki, Mədinənin kənarında xəndək qazıb kafirlərin şəhərə girməsinə mane olsunlar. İrəli sürülən bu təklif hamı tərəfindən razılıqla qarşılandı. Bir neçə gün müddətində müsəlmanların göstərdiyi işgüzarlıq nəticəsində xəndək hazır oldu. Xəndəyin eni elə idi ki, düşmən atlıları onu keçə bilməzdilər. Dərinliyi də elə idi ki, onun içinə düşən asanlıqla qırağa çıxa bilməzdi.
Kafirlər yəhudilərin köməyi ilə gəlib şəhərin kənarına çıxdılar. Onlar güman edirdilər ki, əvvəlki (Bədr və Ühüd döyüşlərində olduğu) kimi yenə müsəlmanlarla Mədinə şəhərinin kənarında üzləşəcəklər. Ancaq onlar bu dəfə şəhərin kənarında müsəlmanlardan əsər-əlamət görməyib Mədinəyə tərəf irəliləməyə başladılar. Şəhərə çatanda, şəhər kənarında qazılmış enli və dərin xəndək onları təəccübləndirdi. Çünki onlar o vaxta qədər ərəb müharibələrində xəndəkdən istifadə etməyi görməmişdilər. Məcbur olub xəndəyin kənarından Mədinə şəhərini mühasirəyə aldılar.
Bə’zi rəvayətlərə görə Mədinə şəhəri bir ay mühasirədə qaldı.
Qüreyş əsgərləri nə vaxt xəndəyi keçmək fikrinə düşürdülərsə, müsəlmanların xəndəkdə qoyduqları yaxın fasiləli gözətçilərlə üzləşməli olurdular. Müsəlmanlar ox və daş atmaqla onların ehtimal olunan bütün hücumlarının qarşısını alırdılar. Hər iki tərəfin ox atması gecə-gündüz davam edirdi. Ancaq tərəflərin heç biri digərinə üstün gələ bilmirdi.
Digər tərəfdən Mədinənin belə bir ordunun mühasirəsində qalması müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətmişdi. Üstəlik Mədinənin daxilində yaşayan yəhudilərin, Bəni-Qüreyzə tayfasının əhdinə vəfasız çıxması və kafirlər xəndəyi aşdıqdan sonra düşmən ordusuna birləşərək arxadan müsəlmanlara hücum edəcəyi planı mə’lum olduqdan sonra müsəlmanların ruhiyyəsi daha da zəiflədi.

Həssas və böhranlı günlər

Qur’ani-Məcid müsəlmanların bu mühasirədəki çətin və böhranlı vəziyyətini «Əhzab» surəsində çox gözəl şəkildə bəyan etmişdir:
«Ey iman gətirənlər! [Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş] ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne’mətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz [mələklərdən ibarət] qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü. O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən [vadinin üst və alt tərəfindən] hücum etmiş və [qorxudan] gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. [Mö’minlər Allahın Öz və’dinə doğru olduğuna inanır, münafiqlər və e’tiqadı zəif olanlar isə Məhəmmədin bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər]. Məhz onda [Xəndək vuruşunda] mö’minlər imtahana çəkilmiş [kimin həqiqi mö’min, kimin münafiq olduğu bəlli olmuş] və möhkəm sarsılmışdılar. O zaman münafiqlər və qəlblərində mərəz [şəkk] olanlar: «Allah və Onun peyğəmbəri bizə yalan və’d etmişdir. [Biz zəfər çala bilməyəcəyik]» -deyirdilər. O zaman onlardan biri: «Ey Yəsrib [Mədinə] əhli! [Burada] sizin üçün duracaq bir yer yoxdur, [evinizə] qayıdın!»-demişdi. Başqa bir dəstə isə: «Evlərimiz açıqdır [kimsəsizdir, oğru girməsindən qorxuruq]»-deyə [geri qayıtmaq üçün] Peyğəmbərdən izn istəyirdi. Həqiqətdə isə evləri açıq [kimsəsiz] deyildi. Onlar ancaq [döyüşdən] qaçmaq istəyirdilər. Əgər [Mədinənin] hər tərəfindən üstlərinə yüyürülüb [cumulub] onlardan fitnə törətmək [imandan dönmək, yenidən müşrikliyə qayıtmaq] istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda [bu işdə] azacıq da olsa yubanmazdılar.»[34]
Ancaq müsəlmanların bu çətinliyinə baxmayaraq xəndək, kafirlərin hücumunun qarşısını alırdı və onlar (kafirlər) vəziyyətin bu cür davam etməsinə davam gətirə bilmirdilər. Çünki hava üzü soyuğa gedirdi və digər tərəfdən də kafirlərin özləri və heyvanları üçün gətirdikləri yemək qurtarmaq üzrə idi. Onlar Bədr, Ühüd kimi kiçik müddətli döyüş üçün tədarük hazırlamışdılar. Ancaq mühasirə uzun çəkdiyindən və müsəlmanların müqavimətini uzun müddət qıra bilmədiklərindən yeməkləri yavaş-yavaş qurtarır və az qalırdı ki, vuruşmaq fikrindən daşınıb geri qayıtsınlar. Ruhiyyələri get-gedə zəifləyirdi. Nəhayət ordu başçıları belə qərara gəlirlər ki, cəsur və şücaətli pəhləvanlar nəyin bahasına olursa-olsun birtəhər xəndəyi aşıb o tərəfə keçsinlər. Bəlkə bununla müsəlmanların müqavimətini qıra bilələr. Beləliklə, kafirlərin qəhrəmanlarından beşi atlarını xəndəyin kənarında oynadaraq xəndəyin ensiz hissəsindən o biri tərəfə atılırlar. Xəndəyi aşdıqdan sonra təkbətək döyüşmək üçün rəqib istədilər.
Bu pəhləvanlardan biri ərəblərin ən qüdrətli, ən şücaətli cəngavəri olan Əmr ibn Əbdəvəd idi. Ərəblər onu min döyüşçüyə bərabər sanırdılar. O, Yəlyəl adlı bir yerdə bir orduya təkbaşına qalib gəldiyi üçün onu «Yəlyəl atlısı» (Yəlyəl qəhrəmanı) adlandırmışdılar. O, Bədr döyüşündə yaralandığı üçün Ühüd döyüşündə iştirak edə bilməmişdi. İndi Xəndək vuruşuna gəlmişdi ki, öz şücaətini göstərsin.
Əmr ibn Əbdəvəd xəndəyi aşdıqdan sonra vuruşmağa rəqib tələb etdi. Onunla vuruşmağa heç kimin çıxmadığını görüb bir az ürəkləndi və müsəlmanların əqidələrinə istehza (rişxənd) məqsədilə toxunub dedi: «Siz ki, deyirsiniz sizin ölülər Cənnətə, bizimkilər isə Cəhənnəmə gedir, onda sizdən biri gəlsin mən onu Cənnətə göndərim, ya da o məni Cəhənnəmə göndərsin.» Sonra bir az rəcəz (nizami şe’r) oxuyub dedi: «Sizin aranızdan bir rəqib tələb etmək üçün o qədər qışqırıb «mənimlə vuruşan varmı?» dedim ki, səsim tutuldu.»
Əmrin qışqırığı müsəlmanların ürəyinə elə qorxu salmışdı ki, yerlərində quruyub qalmışdılar və tərpənməyə belə cür’ət etmirdilər. Hər dəfə Əmr qışqırıb rəqib istədikdə, yalnız Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərdən (səlləllahu əleyhi və alih) vuruşmaq üçün izn istəyirdi. Ancaq Peyğəmbər (səlləllahu əleyhi və alih) ona izn vermirdi. Əli (əleyhissəlam) üç dəfə ayağa qalxdı, lakin Peyğəmbər (səlləllahu əleyhi və alih) razılıq vermədi. Əli (əleyhissəlam) bir daha icazə istədikdə Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama buyurdu: «Əli! Bu Əmr ibn Əbdəvəddir!» Əli (əleyhissəlam) da dedi ki, ya Rəsuləllah, mən də Əliyəm![35] Nəhayət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama izn verdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) öz qılıncını Əli əleyhissəlama verib öz əmmaməsini onun başına bağlayaraq onun üçün dua etdi.
Əli (əleyhissəlam) meydana gedərkən Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «İndi bütün İslam bütün şirklə (müşrikliklə) üz-üzə gəlir.»[36]

4) Əli - Xeybər qalasının fatehi

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) hicrətin yeddinci ili belə qərara gəlir ki, Mədinənin kənarındakı Xeybər qalasının yəhudilərinə hücum etsin. Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu işə əl atmasının iki səbəbi var idi:
1) Xeybər qalası yenicə çiçəklənməkdə olan İslam hökuməti üçün fitnə-fəsad mərkəzinə çevrilmişdi. Bu qalanın yəhudiləri dəfələrlə İslam düşmənlərilə əl-ələ verib Mədinəyə hücum etmişdilər. Xüsusilə onların xəndək döyüşündə böyük rolu olmuşdu.
2) O zamanlar dünyanın ən böyük imperiyaları olan İran və Roma imperiyalarının bir-biri ilə uzun-uzadı müharibə etmələrinə baxmayaraq İslamın üçüncü bir qüdrətli dövlət kimi meydana çıxması onlar üçün dözülməz idi. Buna görə də, Xeybər yəhudiləri bu iki imperiya ilə əl-ələ verib İslamın əleyhinə yürüşlər edə bilər, yaxud müşrikləri təzə müsəlmanların əleyhinə qızışdırıb döyüşdürdükləri kimi bu iki böyük imperiyanı da cavan İslama qarşı döyüşə qaldırardılar.
Bu iki məsələ Peyğəmbərin (səlləllahu əleyhi və alih) min altı yüz nəfərlik bir ordu ilə Xeybər qalasına hücum etməsinə səbəb oldu.
Xeybər qalaları böyük divarlara və çoxlu müdafiə qurğularına malik idi və yəhudilərin döyşçüləri onları möhkəm qoruyurdular. İslam ordusunun döyüşçülərinin şücaəti nəticəsində qalalar çətinliklə də olsa, bir-birinin ardınca süqut edirdi. Lakin ən böyük və ən güclü pəhləvanların yığıldığı Qəmus qalası hələ də müqavimət göstərirdi. İslam mücahidləri nə qədər cəhd göstərsələr də, o qalanın müqavimətini qıra bilmədilər. Peyğəmbər (səlləllahu əleyhi və alih) möhkəm başağrı nəticəsində özü bilavasitə döyüş səhnəsində iştirak edə bilmir və orduya birbaşa başçılıq etmirdi. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) hər gün bayrağı bir nəfərin əlinə verib qalanı fəth etməyi ona tapşırırdı. Ancaq onlar heç bir nəticə almadan geri dönürdülər. Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı Əbu Bəkrin əlinə, səhəri gün isə Ömərin əlinə verib onları qalaya tərəf göndərdi. Ancaq onlar heç bir qələbə qazanmadan geri döndülər.
Vəziyyətin bu cür gedişinə Peyğəmbər (səlləllahu əleyhi və alih) tab gətirə bilmirdi. İşin belə olduğunu görən Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Sabah bu bayrağı elə bir şəxsə verəcəyəm ki, Allah-taala o qalanı həmin şəxsin əli ilə fəth edəcək. O elə bir şəxsdir ki, Allahı və peyğəmbəri sevir, Allah və Peyğəmbər də onu sevirlər.»[42]
O gecə Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələri fikirləşirdilər ki, görəsən Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı sabah kimə verəcək? Səhər olcaq səhabələr Peyğəmbərin (səlləllahu əleyhi və alih) çadırının qarşısında durub hamı ümid edirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı ona verəcək. Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Əli haradadır?» Səhabələr cavab verdilər ki, o, gözü ağradığı üçün istirahət edir. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Əlini bura gətirin!» Əli (əleyhissəlam) gəldikdə, Peyğəmbər (səlləllahu əleyhi və alih) onun gözünün sağalması üçün dua etdi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) duası nəticəsində Əli əleyhissəlamın gözü sağaldı. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) bayrağı ona verdi. Əli (əleyhissəlam) dedi: “Ya Rəsuləllah! Onlarla İslamı qəbul edənə qədər vuruşacağam.” Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “İndi ora get! Elə ki qalaya yetişdin əvvəl onları İslama də’vət et, onların Allah-taala qarşısında olan vəzifələrini (İslam dininə itaət etməyi) onlara xatırlat! And olsun Allaha ki, bir nəfərin sənin də’vətinlə müsəlman olmasının xeyri sənin qırmızı tüklü dəvələrə yiyələnməyindən üstündür.[43]” (Qırmızı tüklü dəvə ən qəşəng və ən baha dəvədir.) (Səhihi-Müslim, c.7, səh121)
Əli (əleyhissəlam) bu vəzifəni yerinə yetirmək üçün qalaya tərəf yollandı və o möhkəm və qüdrətli qalanı misli görünməmiş bir şücaətlə fəth etdi...

Ardı burada

 

İstinadlar

 

[1] Mürucuz-zəhəb (Məs`udi), 21965, 2, səh. 349; Təzkirətül-xəvas, səh. 10; Nurul-əbsar... (Mö`min Şəblənci) səh. 76.
[2] Əli (ə)-ın atasının adının İmran və kunyəsinin Əbu Talib olması və ya müstəsna olaraq adının elə kunyəsi olması yaxud, onun Əbdümənaf olması barədə nəzər müxtəlifliyi vardır. Şiə alimləri arasında “rical” katiblərindən olan Cəmaləddin Əhməd ibn Ənbə (təv. 828 hicri) üçüncü nəzəri səhih hesab etmişdir. (“Ümdətüt-talib fi mənaqibi Ali Əbi Talib”, səh. 20-21)
[3] İbn Əsir: Əl-Kamilu fit-tarix .c.2, s-58; İbn Hişam: Əs-sirətün-nəbəviyyə, Təhqiqi-Mustəfas-Siqa; Təbəri: Tarixül-üməm vəl-mülük; Darul-qamusul-hədis, c.2, səh.213; İbn Əbil-Hədid: Şərhi Nəhcül-bəlağə, c.13, səh.119.
[4] Əbul-Fərəc İsfahani, Məqatilut-talibin, səh.15.
[5] Nəhcül-bəlağə, 192-ci xütbə (Sübhi Salehin redaktəsi olan nüsxə).
[6] Hira mağarası Peyğəmbərin (səlləllahu əleyhi və alih) orada peyğəmbərliyə seçildiyi yerdir. Bə’ziləri onu Həra kimi tələffüz edir. Lakin doğru tələffüzü Hiradır. (Mütərcimdən)
[7] İbn Hişam: Sireyi Nəbəviyyə, c.1, səh.252.
[8] Səhih kitablar sünni məzhəbinin mö’təbər bildiyi altı kitabdır. O kitablar bunlardır: 1) Səhihi-Müslim. 2) Səhihi-Buxari. 3) Sünəni-Termizi. 4) Sünəni-İbn Macə. 5) Sünəni-Nəsai. 6) Sünəni-İbn Davud. (Mütərcimdən)
2 Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), səh.208.
[9] Əxtəb Əl-Mənaqibi Xarəzm, səh.18.
[10] “Vaqiə” surəsi, ayə 10-11.
[11] “Hədid” surəsi, ayə 10.
[12] Əl-İstiab fi mə’rifətil əshab, c.3, səh.28. və buna oxşar çoxlu sayda hədislər.
[13] İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.13, səh.229.
[14] Tarixül-üməm vəl-mülük, c.2, səh.57.
[15] Tarixül-üməm vəl-mülük, c.2, səh.212.
[16] “Şüəra” surəsi, ayə 214-216.
[17] Əli (ə)-ın müsəlman olduğu, həmçinin Peyğəmbər (s)-i himayət edəcəyini e`lan etdiyi vaxt yaşının neçə olduğu barədə əlavə mə`lumat almaq üçün “Şər`i Nəhcül-Bəlağə”, c. 13, səh. 234-235; “Rövzətül-kafi”, səh. 339-a müraciət edin.
[18] Tarixül-üməm vəl-mülük, c.2, səh.217; Əl-Kamilu fit-tarix, c.2, səh.63; Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.13, səh.211.
[19] “Ənfal” surəsi, ayə 30.
[20] İbn Hişam, Sirətun-nəbəviyyə, c.2, səh.124-128.
[21] Əl-Xisal, c.2, səh.560; Ehticaci-Təbərsi, c.1, səh.75.
[22] Yəsrib şəhəri Peyğəmbərin (səlləllahu əleyhi və alih) hicrətindən sonra «Mədinətur-rəsul» adlandırıldı. Mə’nası Peyğəmbər şəhəri deməkdir. Sonralar qısa olaraq Mədinə adı ilə məşhur oldu.(Mütərcimdən)
[23] Əl-Mustədrəku ələs-səhihəyn, c.3, səh.35.
[24] Əl-İstiabu fi mə’rifətil-əshab, c.3, səh.35.
[25] Əs-sirətün-nəbəviyyə, c.2, səh.277; Əl-Kamilu fit-tarix, c.2, səh.125.
[26] Nəhcül-bəlağə, 64-cü məktub.
[27] Əl-İrşad, səh.29.
[28] Əl-İrşad, səh.47.
[29] Əl-Kamilu fit-tarix (İbn Əsir), c.2, səh.154.
[30] Əl-Xisal, səh.560.
[31] Əl-Kamilu fit-tarix, c.2, səh.154.
[32] Şərhi-Nəhcül-bəlağə, c.14, səh. 250-251; Mənaqibi Xarəzmi, səh. 223.
[33] Əhzab hizb sözünün cəmi olub dəstələr,qruplar mə’nasını ifadə edir.
[34] “Əhzab” surəsi, ayə 9-14.
[35] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.13, səh.284.
[36] Biharul-ənvar, c.20, səh.215.
[37] O vaxt ərəblərdə başlarına yağ çəkmək adət idi.
[38] Əl-Məğazi, c.2, səh.471.
[39] Bu hadisə müxtəlif mənbələrdə qeydə alınmışdır:
Biharül ənvar, c. 20, səh. 203-206; Xisal (təshih) səh. 560; Sirətün-nübüvvə (təhqiq), c. 3, səh. 236; Əl-kamil fit-tarix, c. 2, səh. 181; İrşad, səh. 54; Şərhi Nəhcül-Bəlağə, c. 19, səh. 62-64.
[40] Biharul ənvar, c.20, səh.216.
[41] Əl-Mustədrəku ələs-səhiheyn, c.3, səh.32.
[42] Əl-İstiab fi mə’rifətil-əshab, c.3, səh.36.
[43] Dəvə ərəblər üçün hər şey demək idi. Həm minik vasitəsi, həm yemək, həm də içmək idi. Bu ifadə bir nəfəri müsəlman etməyin nə qədər xeyirli olduğunu göstərir.

 

Mənbə: Mehdi Pişvayi, "Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyatı"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ