1. http://www.islamazeri.com/
  2. KİTAB HƏYATDIR

Kateqoriya : KİTAB HƏYATDIR

Yayınlanma tarixi:17.03.2017 14:41:57

“Biharul-ənvar”ın xüsusiyyətləri, imtiyazları və tənqidlərdən nədən ibarətdir?

Qısa cavab


Böyük rəvayət məcmuəsindən (ensiklopediyadan) ibarət olan dəyərli “Biharul-ənvar” kitabı Əllamə Məhəmməd Baqir Məclisinin (rəhmətullah əleyh) ən mühüm əsəridir. Bu kitab şiənin böyük rəvayət ensiklopediyasıdır ki, bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. məsələləri əhatə edir. Bu kitabın mühüm xüsusiyyətlərdən bəziləri aşağıdakılardan ibarətdir:
Hər bölmənin əvvəlində Quran ayələrinin zikr olunması, müxtəlif mövzularda hərtərəflilik, müstəqil risalələrin zikr olunması, nadir mənbələrdən bəhrələnmək, islah və təshih olunmuş nüsxələrdən istifadə edilməsi, hədislərin izahı və təfsiri.
Əlbəttə, bunların varlığı o demək deyildir ki, bu kitabda mövcud olan rəvayətlərin hamısı tam mənada dəstəklənir, sənəd və məzmun cəhətindən tədqiqə ehtiyacı yoxdur.


Ətraflı cavab


"Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar” - “pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryaları” mənasınadır. Bu rəvayət məcmuəsi mərhum Əllamə Məhəmməd Baqir Məclisinin ən mühüm əsərlərindən sayılır. Bu kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. O, bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir.


a) İmtiyazları


"Biharul-ənvar" kitabının mühüm imtiyaz və xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1. Tənzim və təsnif.
Bu məcmuə şiə hədis elminin ən əhatəli və ümdə məcmuəsidir. Hədis kitablarının rəvayətlərini bab-bab bölmələrə salmış və təqribən kamil bir tənzimatla cəm etmişdir.
2. Hər babın (bölmənin) başlanğıcında Quran ayələrinin zikr olunması.
Mərhum Əllamə Məclisi bu böyük məcmuənin bölmələrinin hər birini, həmin babın ünvanına mütənasib olan ayələrlə başlamış, bundan sonra ayələrin təfsirə ehtiyacı olduğu halda müfəssirlərin bu barədəki nəzərlərini qeyd etmiş, daha sonra bölmənin uyğun rəvayətlərini qələmə almışdır.
3. Müxtəlif mövzularla əlaqədar "Biharul-ənvar”ın hərtərəfli olması.
"Biharul-ənvar"dakı ünvanların və rəvayətlərin tədqiqi göstərir ki, bu əsər müxtəlif dini əsərləri əhatə edir. İslamın müxtəlif mövzularından təqribən elə biri (heç olmazsa onun əsrində) yoxdur ki, Əllamə Məclisi onu tədqiq etməmiş və onun rəvayətlərini həmin kitabda cəm etməmiş olsun.
4. "Biharul-ənvar"da müstəqil risalələrin zikr olunması.
Mərhum Əllamə Məclisi bu əsərdə öz bəhslərini irəli çəkməklə eyni zamanda bəzən müəyyən kitablara və risalələrə rastlaşmışdır ki, müxtəsər və mövzu ilə sıx əlaqəyə malik olduğuna görə o risaləni kamil şəkildə və bir yerdə nəql etmişdir. Misal üçün, “cəbr və təfviz”lə əlaqədar İmam Hadi (əleyhis-salam)-ın cavablarının risaləsi, İmam Səccad (əleyhis-salam)-ın “Hüquq” risaləsi, “Tovhidi Müfəzzəl” və sair
5. Nadir mənbələrdən və təshih olunmuş nüsxələrdən bəhrələnmək.
Əllamə Məclisinin ixtiyarında çoxlu kitablar olmuşdur ki, hal-hazırda onların bəziləri aradan getmiş və bizim əlimizə çatmamışdır. Buna görə də Əllamə bu kitabın mətləbini bir yerə toplamaq üçün ixtiyarında olan çoxlu imkanlara diqqət yetirməklə hər kitabın mövcud olan ən mötəbər və ən yaxşı nüsxəsini əldə etmişdir. Əgər bu rəvayətləri məcmu şəkilində bir yerə toplamasaydı, hal-hazırda həmin rəvayətlər bizim ixtiyarımızda olmazdı.
6. Hədislərin izah və təfsiri.
Əllamə bir çox hallarda hədisi nəql etdikdən sonra onu şərh və hədisdəki çətin kəlmələri izah etmişdir. O rəvayətlərin şərh və təfsirində lüğət, fiqh, təfsir, kəlam, tarix, əxlaq və sair kimi müxtəlif mənbələrdən istifadə etmişdir. Həmin şərhlər bu rəvayət toplumunun imtiyazlarından biri hesab olunur.
7. Hər mövzu ilə əlaqədar çoxlu sənədlərin və mətnlərin təqdimi.
"Biharul-ənvar"ın digər xüsusiyyətlərindən biri budur ki, hər mövzu ilə əlaqədar rəvayətlər bir yerdə nəql olunmuşdur. Buna görə, tədqiqatçılara belə bir imkan verir ki, bu mövzunun rəvayətlərinin hansı dərəcədə etibara malik olduğunu araşdırıb ayırd edə bilsin.[1]
8. Təkrar olunan rəvayətlər üçün müxtəlif mənbələrdən ünvan verilməsi.
Əllamə Məclisi təkrar olunan rəvayətlər üçün bir neçə mənbənin ünvanını vermiş, sənədlərdəki ixtilafları, yaxud mətnləri müxtəlif kitablarda mövcud olan oxşar rəvayətlərin mətnlərini xatırlatmışdır.


b) Tənqidlər


Bu rəvayətləri toplamaqda Əllamə Məclisinin əsas və ümdə hədəflərindən biri onların məhv olub aradan getməsinin qarşısını almaq olmuşdur ki, şiənin rəvayət mirası sonrakı nəsillərə nəql oluna bilsin. Təbiidir ki, belə bir böyük və geniş həcmə malik olan işin zəif cəhətləri də ola bilər. Bu əsər də bəşər övladının işi olduğuna görə, insanların digər felləri və əməlləri kimi xəta və səhvdən amanda qala bilməzdi. Əlbəttə, din alimləri və böyük şəxsiyyətlərimiz öz işlərinin eyibsiz və nöqsansız olmasını heç vaxt iddia etməmişlər.
Eyni halda bəzi alimlər "Biharul-ənvar"da zəif, mötəbər sayılmayan, kifayət etməyən və səhv olan bəzi rəvayətlərin mövcud olduğunu demiş, Əllamə Məclisinin bu məcmuə ilə əlaqədar bəzi izahlarını zəif hesab etmişlər. Onlar inanırlar ki, Əllamə Məclisinin hədis üçün nəql etdiyi izahlar, bəyanlar və təfsirlərdən çoxu tələm-tələsik olmuş və bu da səhvin baş verməsi, faydalarının azalması ilə nəticələnmişdir.[2]
Rəvayətlərin nəqlində təkrara yol verilməsi də bu məcmuənin zəif cəhətlərindən biri sayıla bilər. Əlbəttə, Əllamənin ibarələrini mülahizə etməklə başa düşmək olar ki, onun özü təkrar məsələsinə diqqət yetirmişdir. Lakin müxtəlif amillər, o cümlədən sənədlərdə ixtilafın varlığı, rəvayətin mətnlərinin fərqli olması və bir hədisin iki, yaxud daha çox müxtəlif bəhslərlə əlaqəli olması nəqldə təkrara səbəb olmuşdur.
Qeyd etmək lazımdır ki, rəvayətləri mövzu əsasında bölmələrə ayrılan məcmuələr təkrarı tələb edir. Əllamə Məclisi də mövcud rəvayətləri mövzu əsasında təsnif edərək bablara və bölmələrə ayırmaq məqamında idi. Rəvayətlərin bəziləri müxtəlif mövzuları əhatə etdiyindən müəllif naçar olaraq belə rəvayətlərin təkrarından qaçmaq məqsədi ilə ya onları hissələrə ayırmalı və hər bölməsini münasib bir ünvan altında qeyd etməli, ya da rəvayəti kamil şəkildə hər ünvanın daxilində qeyd və təkrar etməli idi. Bu da kitabın həcminin daha artmasına və oxucunun yorğunluq hissi keçirməsinə səbəb olur.
Mərhum Məclisi yaxşı şəkildə bilirdi ki, çox hallarda bir rəvayətin əvvəli onun axırını, yaxud əksinə axırı onun əvvəlini izah edər bilər, nəticədə rəvayət hissələrə bölündükdə belə dəlil və şahid aradan gedə bilər. Buna görə də çox hallarda rəvayətin hamısını bir yerdə nəql etmiş, başqa bölmədə isə yalnız mövzu ilə əlaqəli olan hissəni qeyd etmişdir. Bunu da qeyd edərək “hədisin hamısı filan bölmədə nəql olunmuşdur” deyə buyururdu ki, şahidin aradan getmə problemini aradan qaldırmış olsun.

[1] Bax: “Camiul-əhadis” CD proqramı, islam elmləri - “Nur” kompüter mərkəzi; hədis elmləri institutunun müdərrisləri, “Hədis elmi”, səh, 250-251, “Camal” nəşriyyatı, Qum, 1-ci çap, 1389-cu şəmsi il
[2] Əmin, Seyid Möhsin, “Ə’yanuş-şiə”, 9-cü cild, səh. 183; “Darut-təaruf lil-mətbuat”, Beyrut, 1406-cı hicri qəməri ili

 

IslamQuest


"Biharul-ənvar"ın xüsusiyyətləri, imtiyazları və tənqidləri

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ