اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 20.04.2014, 20 Cəmadiyül-axır 1435 - Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu


Ayət namazı (qılınma qaydası və hökmləri)

Yayım Tarixi: 07.10.2012 22:30
Azərbaycan
Yazı ölçüsü: büyüt küçült         

Bakıda zəlzələ olub, zəlzələ hiss edilərsə Ayət namazı vacib olur

İslamazeri.az bu haqda məlumatı diqqətinizə çatdırır:

Dörd halda ayət namazı vacib olur:

Günəş və ay tutulanda (bir hissəsi də tutulsa, qorxan olsa da, olmasa da).
Zəlzələ baş verəndə (bir şəxs qorxsa da, qorxmasa da);
Şimşək çaxanda, qara və qırmızı külək əsəndə, qorxulu səma hadisəsi baş verəndə. (Bu halda çoxlarının qorxması şərtdir.) Vacib ehtiyata əsasən, çoxlarını qorxuya salan yer hadisələri baş verəndə də ayət namazı qılınmalıdır.
Ayət namazına səbəb olan hadisələr təkrar baş verdikdə onların hər biri üçün namaz qılmaq vacibdir. Məsələn, bir neçə dəfə zəlzələ baş verdikdə, günəş tutulduğu vaxt zəlzələ baş verdikdə hər bir hadisə üçün namaz qılınır. Amma ayət namazı gedişində hadisə baş verərsə həmin namaz bəsdir.
Qılınan namazın hansı hadisə ilə bağlı qılındığını müəyyənləşdirmək vacib deyil. Vacib niyyəti yerinə yetirmək bəs edir.
Ayət namazı hadisə baş verən yerin əhlinə vacibdir.
Günəş və ay tutulmasına görə ayət namazının vaxtı günəş və ay tutulmağa başlayandan tam açılana qədərdir. Müstəhəb ehtiyat budur ki, açılmağa başlayan vaxt qılınsın.
Zəlzələ, şimşək və bu kimi hadisə baş verdikdə dərhal ayət namazı qılınmalıdır. Dərhal qılmayan günaha yol vermişdir, müstəhəb ehtiyat budur ki, ömrünün sonunadək nə vaxt bacarsa qılsın.
Əgər günəş və ay tutulması baş verdikdən sonra bu hadisədən xəbər tutarsa, ayət namazının qəzasını yerinə yetirməlidir. Amma günəş və ay tam tutulmadıqda qəzasını qılmaq vacib deyil.
Günəş və ya ayın tutulduğunu bilib buna əmin olmadığından namaz qılmayan şəxs, sonradan düz deyildiyini bilərsə, günəş və ya ay tam tutulmuşsa, ayət namazı qılmalıdır.
Astronomların və ya bu sahədən məlumatlı insanların günəş və ya ayın tutulması ilə bağlı dediklərindən əminlik yaransa, ayət namazı qılmalıdır. Əgər söylənilsə ki, filan vaxt günəş və ya ay tutulacaq, bu hadisə filan müddət davam edəcək, əminlik yarandıqda vaxtı gözləməlidir.
Gündəlik namaz vacib olduğu vaxt ayət namazı vacib olarsa, hər ikisi üçün vaxt olduqda hansını qabaq qılsa olar. Birinin vaxtı dar olsa həmin namazı öncə qılmalıdır. Hər ikisinin vaxtı dar olsa öncə gündəlik namazı qılmalıdır.
Gündəlik namazın gedişində anlasa ki, ayət namazının vaxtı dardır, gündəlik namazın da vaxtı dar olduqda onu davam etdirib, sonra ayət namazı qılmalıdır. Gündəlik namazın vaxtı dar olmadıqda, onu saxlayıb ayət namazını qılmalı, sonra gündəlik namazı yerinə yetirməlidir. Ayət namazının gedişində məlum olsa ki, gündəlik namazın vaxtı dardır, ayət namazını saxlayıb gündəlik namazı qılmalıdır. Namazı bitirdikdən sonra namaz halından çıxmamış ayət namazının davamını qıla bilər.
Əgər qadın aybaşı və nifas halında olduğu vaxt günəş və ay tutularsa, günəş və ya ay açılanadək heyz və nifas qanından təmizlənməsə, ayət namazı ona vacib deyil, qəzası da yoxdur.

Ayət namazı necə qılınır?

Ayət namazı iki rəkətdir. Hər rəkətdə beş rüku var. Onu iki şəkildə yerinə yetirmək olar:
1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam oxunur.
2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, “Həmd”dən sonra “İxlas” surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: “Bismillahir rəhmanir rəhim”, “Qul huvəllahu əhəd”, “Allahu səməd” “Ləm yəlid və ləm yuləd”, “və ləm yəkun ləhu kufuvən əhəd”. Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur.
Ayət namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar.
Gündəlik namazda vacib və müstəhəb olan işlər ayət namazında da vacib və müstəhəbdir. Amma ayət namazının azan və iqaməsi yoxdur. Bunun əvəzində üç dəfə “Əssəlat” deyilir.
Müstəhəbdir ki, hər rəkətdə səcdəyə getməzdən öncə “Səmiəllahu li mən həmidəh” və “Allahu əkbər” deyilsin. Eləcə də, hər rükudan öncə və sonra təkbir demək müstəhəbdir.
Onuncu rükudan öncə qunut oxumaq müstəhəbdir.
Rəkətlərin sayında şəkk olsa və neçə rəkət qılındığı bilinməsə, namaz batildir. Amma rəkətlərin sayında şəkk olduqda, az ehtimal əsas götürülür. Məhəl ötsə, yəni səcdəyə gedilsə şəkkə etina olunmur.
Ayət namazının hər rükusu bir rükndür. Bilərəkdən və ya səhvən bu rüknlər artırılıb-əskildilsə namaz batildir.

Hökmlər Ayətullah Məkarim Şiraziyə məxsusdur 

Qeyd 1: Zəlzələ baş vеrən zaman və ya bu zamana bitişik vaxtda onu özünüz hiss еtməsəniz, onda sizin üçün ayət namazı vacib olmaz (Ayətullah Xameneinin "Şəri suallara cavablar" 1-c- cild)

Qeyd 2: Аyәt nаmаzının vаcib оlduğu şеylәr hәr şәhәrdә bаş vеrsә, tәkcә о şәhәrin әhаlisi аyәt nаmаzı qılmаlıdır, bаşqа yеrlәrin әhаlisinә isә vаcib dеyil. Аmmа әgәr оnlаrın mәntәqәlәri bir-birinә çох yахın оlsа vә ikisi bir şәhәr hеsаb оlunsа, оnlаrа dа vаcib оlur. (Ayətullah-üzma Məhəmməd Fazil Lənkərani "Tovzihul-məsail (risalə)") 

Bildiyiniz kimi zəlzələ və ya digər təbiət hadisələri baş verdikdə ayət namazı qılınmalıdır. İslamazeri.az bununla bağlı ilahiyyatçı Fərhad Mirzədən münasibət öyrənib.

Fərhad Mirzə bildirib ki, “Zəlzələ münasibətilə ayət namazı vacib olur. Lakin nə əda niyyəti ilə, nə də qəza niyyəti ilə qılınacaq. Boynumuzda olan ayət namazı niyyəti ilə qılmaq lazımdır.”

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!




08.04.2014

Son xəbərlər



Kateqoriyanın digər xəbərləri



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768