اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Bugün: 01.10.2014, 6 Zülhiccə 1435


ABŞ-ın Yaxın Şərq siyasəti

Yayım Tarixi: 10.12.2011 20:40
Təhlil
Yazı ölçüsü: büyüt küçült             

haber
"Amerikalılar necə cəsarət edərək öz hökumətlərinə dünyada belə əzabları törətməyə imkan verirlər" (Ramsey Klark, insan hüquqları müdafiəçisi)

Artıq 2006-cı il dünya tarixinə İsrail - Livan müharibəsi kimi düşdü.
20-ci əsrdə müharibələrin dəfələrlə qurbanı olmuş Livanın dinc əhalisi yenə də qanına qəltan edildi.
Dünya heç bir şey olmamış kimi susdu! Nə üçün? 2003-cü ildə Irak əhalisi ABŞ hərbi qüvvələrinin güllə yağışı altında qalanda da Dünya susdu, hətta bir çox ölkələr ABŞ qüvvələrinin güclü olması üçün öz köməklərini də təklif etdilər. Azərbaycan kimi! Nə üçün? Bir çox Avropa ölkələri İsrailin Livana təcavüzünü pisləsə də ABŞ İsraili nəinki maddi və texniki cəhətdən dəstəklədi, hətta atəşkəsin olmasına mane olmaq üçün BMT-də öz veto hüququndan da istifadə etdi. ABŞ-a “sədaqətini” sübut etməyə tələsən bəzi hökumətlər siyasi riyakarlıqdan belə çəkinmədilər. Dünya hələ də ABŞ-a demokratik dəyərlərin müdafiəçisi kimi baxmağa cəhd göstərir və onun gizli niyyətlərini görmək istəmir. Nə üçün? Bəli, suallar çoxdur, cavab tapmaq isə çox çətindir!

İsrail-Livan müharibəsinə yalnız bu ölkələrin bir-birinə tarixən incik münasibətləri kimi baxılarsa, bu sualların cavabı da Azərbaycan TV-lərində «ulduz» olmuş politoloqların cavabı kimi primitiv və sadəlövh olaraq qalacaqdır. Livanda Hizbullahın olması səbəbindən yüzlərlə livan uşaqlarının, qadınların və digər dinc əhalinin qırılmasına və yaxud, İsrailin öz təhlükəsizliyini qorumaq bəhanəsi ilə digər ölkənin sərhədlərini yüz kilometrlərlə keçərək bu ölkənin iqtisadiyyatını və infrastrukturunu, yollarını, yaşayış binalarını, körpülərini, elektrik xətlərini darmadağın etməsinə haqq qazandıran siyasətçilərə, politoloqlara, nə ad vermək olar. Nə qədər satqın və gülünc cavablardır! Belə satqın və xəyanətkar mülahizələrə mən hələ o vaxt-müharibənin qızğın dövründə cavab verməyə çalışmışam .

Bütün bu sualları cavablandırmağa cəhd ABŞ iqtisadiyyatının cari vəziyyətini və ABŞ-ın xarici siyasətini diqqətlə tədqiq etməyi tələb edir. Təkzib edilməz faktdır ki, “İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ Almaniyanın müharibəyə qədər olan mövqeyini ələ keçirərək dünyada imperialist fəaliyyəti həyata keçirən əsas qüvvəyə çevrilmişdir. ...Hitlerin tiraniya vasitəsilə qurduğu monopolist kapitalizmin diktaturasını ABŞ demokratik qanuni metodlar vasitəsilə qurmağa müvəffəq oldu. Demokratiya adlandırılan bu metod Hitlerin həyata keçirmək istədiyi hər şeyi həyata keçirə bildi”.

Xarici siyasətinin əsas mahiyyəti “dünya ağalığı” olan ABŞ-ın öz müstəmləkəçilik ambisiyasını həyata keçirmək üçün dağıdıcı müharibələrdən, hərbi və siyasi təzyiqlərdən, iqtisadi sanksiyalardan və sair metodlardan istifadə etməsi ABŞ-ın imperialist xarakterindən irəli gəlir. Təsadüfi deyil ki, Norveç politoloqu və filosofu Harald Ofstad ABŞ-ı beynəlxalq faşizm sistemi kimi xarakterizə edirdi . ABŞ iqtisadiyyatının getdikcə daha çox neftdən asılılığını nəzərə alsaq, bu faşizm sisteminin dünya üzərində öz hökmranlığını möhkəmləndirmək üçün Yaxın Şərqdəki enerji ehtiyatlarına nə dərəcədə möhtac olduğu aydınlaşar. Bu halda ABŞ-İsrail alyansında ikincidən Yaxın Şərq regionunun müsəlman ölkələrinə qarşı istifadə edilməsinin məntiqini də başa düşmək çətin deyil. Lakin qəbul etmək lazımdır ki, belə zorakılıqların davam etməsi təkcə Yaxın Şərqin müsəlman əhalisi üçün deyil, eləcə də yəhudi əhalisi üçün ciddi təhlükələr vəd edir. Doğrudanmı ABŞ siyasiləri və onları dəstəkləyən «yaltaq və satqın» siyasətçilər və politoloqlar əmindirlər ki, Ərəb-İsrail münasibətləri çoxlu sayda dinc əhalinin qırılması ilə həll edilə bilər?
Məgər tarixin dərsləri sübut etmirmi ki, hər bir zorakılıq yeni zorakılıqlarla müşayiət olunur?

İsrail-Ərəb münaqişəsi, o cümlədən İsrail-Livan münaqişəsi ABŞ-ın Yaxın Şərq siyasətinin tərkib hissəsidir. Bu münaqişə İsrail dövləti yaranandan sonra daha ciddi xarakter alsa da, əslində etnik və ya dini münaqişə deyil. Bu münaqişələrin əsasının XIX əsrin sonu XX əsrin əvvəllərində Böyük Britaniya tərəfindən qızışdırılması və İkinci Dünya müharibəsindən sonra məhz ABŞ tərəfindən idarə edilərək ABŞ-ın Yaxın Şərqdəki siyasətinin həlli üçün istifadə edilməsi faktını da görmək heç də çətin deyil.
Ərəb-İsrail münaqişələrinin tarixi belə bir sualı ortaya qoyur: ABŞ Ərəb-İsrail münaqişələrinin həllində maraqlıdırmı? Ərəb-İsrail münaqişəsi tarixən ABŞ tərəfindən yaradılmasa da bu xalqlar arasındakı tarixi çəkişmələrdən və toqquşmalardan ABŞ və Böyük Britaniya sonrakı dövrlərdə öz məqsədləri üçün məharətlə istifadə etmişlər. Belə bir siyasət Sovet İttifaqı zəifləyən dövrlərdə Azərbaycan-Ermənistan, Gürcüstan-Abxaz, Rusiya-Çeçen, həmçinin Balkan xalqları arasında qarşıdurmaların qızışdırılması üçün də istifadə edilmişdir. İkinci Dünya müharibəsindən qalib çıxmış və dünyanın yenidən bölüşdürülməsində öz təsir gücünü durmadan genişləndirən ABŞ öz iqtisadiyyatında enerjiyə artan tələbatı nəzərə alaraq Yaxın Şərqə xüsusi önəm vermişdir.
Yaxın Şərq regionunda böyük neft yataqlarının nəzarətə alınması məqsədilə regionda yerləşən ölkələrin daxilində hər hansı konfliktlərin və münaqişələrin yaradılması ABŞ-ın xarici siyasəti üçün kifayət etmirdi. Yaxın Şərqdə dayanıqlı müttəfiqin əldə edilməsinə və onun ərazisindən hərbi məqsədlər üçün istənilən vaxt istifadə etmək imkanının olmasına böyük ehtiyac var idi. Bu ölkə nəinki ABŞ-ın faktiki olaraq hərbi bazası rolunu oynamalı, həmçinin ondan region ölkələrinə qarşı zor vasitəsi kimi istifadə etmək mümkün olmalı idi. Bu ölkə hər an ABŞ-ın hərtərəfli dəstəyinə arxalanaraq ABŞ-ın Yaxın Şərqdə müstəmləkəçilik siyasətini həyata keçirməli, mümkün hərbi qarşıdurmaları öz üzərinə götürməklə belə təhlükələri ABŞ-ın sərhədlərindən xeyli uzaqlaşdırmalı və ABŞ-ın arasıkəsilməz “kiçik müharibələrlə” bağlı bəşəriyyət qarşısındakı tarixi məsuliyyətini bölüşdürməli idi. Belə ölkə Yaxın Şərqdə İsrail oldu. Belə missiyanı yerinə yetirmək üçün İsrailin seçilməsi heç də təsadüfi deyildi. ABŞ siyasi həyatında, iqtisadi və maliyyə bazarında güclü nüfuza malik olan Sionist lobbi yalnız İsrail kimi ölkəyə tam arxalana bilərdi.

İsrail lobbisinin ABŞ xarici siyasətinə güclü təsiri haqqında Mearşemer C. və Uolt S. tərəfindən hazırlanmış “İsrail lobbisi və ABŞ-ın xarici siyasəti” adlı məqalə xüsusilə diqqəti cəlb edir . İsrail lobbisinin ABŞ xarici siyasətinə aparıcı təsiri və Yaxın Şərq ölkələri üçün son əlli ildə yaranan təhlükələr, həmçinin yaxın onilliklərdə regionda baş verməsi ehtimal olunan yeni təhlükələr haqqında bu məqalədə geniş şərh verilir.

Məhz bu səbəbdən 1947-48-ci illərdə Fələstin ərazisində İsrail dövlətinin yaradılması ABŞ tərəfindən dəstəklənmiş və sonrakı dövrlərdə ABŞ-İsrail alyansı ən yüksək səviyyədə inkişaf etmişdir. Bu alyansın əsasında təkcə ABŞ-ın İsrail lobbisinin siyasi və iqtisadi maraqları yox, həmçinin ABŞ-ın neft maraqlarının dayandığı şübhə doğurmur. 2004-cü ilin məlumatlarına görə yalnız Fars körfəzi ölkələri ABŞ-ın idxal etdiyi neftin təqribən 24 faizini təmin edir . Bu, ABŞ-ın istehlakının 10%-dən çoxdur. Hələ 1990-cı ildə Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat deyirdi ki, “Şimal dənizində neft tükənəndə Birləşmiş Ştatlar Ərəb neftini almaq istəyəcək. Amerikanın öz nefti tükənməyə başlayanda və ABŞ-ın istehlakı artanda isə Amerika Ərəblərə daha çox ehtiyac duyacaqdır” . Dünyada neftə olan ehtiyacın ildən ilə artmasını və alternativ enerji daşıyıcılarının hələ yaxın zamanlarda nefti əvəz edə bilməyəcəyini nəzərə alsaq, ABŞ-ın neft uğurunda mübarizəsinin kəskinləşəcəyini və Yaxın Şərqdə geosiyasi vəziyyətin getdikcə gərginləşəcəyi söyləmək olar.

İsrail-Ərəb, o cümlədən İsrail-Livan münaqişəsindən bəhs edən siyasilər və politoloqların əksəriyyəti unudur ki, İkinci Dünya müharibəsindən sonra Fələstin ərazisində bir deyil, iki müstəqil dövlətin yaradılması nəzərdə tutulmuşdur və bu haqda BMT-nin qətnaməsi bu günə qədər həyata keçirilməmişdir . Müstəqil Fələstin dövlətinin yaradılmasına mane olmaqla və bu işdə İsrailə hər cür dəstək verməklə ABŞ əslində uzun müddətli münaqişələrin əsasını qoymuş oldu. Belə münaqişələr ABŞ-a regiona istənilən vaxt müdaxilə etmək və İsrailə zəruri dəstəyi göstərmək üçün bəhanələr verir.

1956-cı ildə Suez böhranı zamanı, 1967-ci ildə Küveyt və İraqın, 1973-cü ildə isə digər Ərəb ölkələrinin ABŞ-a neft ixracatını azaltmaq haqqında qərarına cavab olaraq ABŞ İsrail-Ərəb münaqişələrdən Yaxın Şərq ölkələrinə təzyiq vasitəsi kimi müvəffəqiyyətlə istifadə etmişdir. Bu siyasət sonrakı dövrlərdə də tətbiq edilmiş, hazırda isə ABŞ-ın Yaxın Şərq siyasətinin “ana xəttini” təşkil edir. “İkinci Dünya müharibəsindən sonra ABŞ Yaxın Şərqdə üstünlük təşkil edən güc olmuşdur. ABŞ-ın siyasətindəki hər hansı bir dəyişiklik, hər hansı bir hərbi təcavüz, Mərkəzi Kəşfiyyat İdarəsinin təşkil etdiyi hər hansı bir sui-qəsd bir əsas məqsədin-dünyanın çox vacib enerji mənbəyi olan neftin ucuz və çox miqdarda təminatını həyata keçirməkdən ibarət olmuşdur" .

Yaxın Şərq regionda ciddi iqtisadi və siyasi maraqları olan ABŞ bu İsrail-Ərəb münaqişəsinin həllinin mümkün olduğu dövrlərdə də onun dondurulması və ya gərginliyin saxlanması yolunu tutmuşdur. İsrail dövləti yaradıldıqdan sonra, onun açıq-aşkar dəstəklənməsi və ona hər cür, o cümlədən hərbi, maliyyə və siyasi yardımların göstərilməsi, İsrailin Yaxın Şərqdə istənilən an zor tətbiq etməsinə «yaşıl işığın» yandırılması, əslində bu konfliktlərin sonrakı dövrlərdə daha da dərinləşməsinə səbəb olmuşdur. 1966-cı ildə ABŞ tərəfindən İsrailin müasir hərbi texnika ilə silahlandırılması və BMT-nin 1956-cı ildə İsrailin silahlandırılmaması ilə bağlı qəbul etdiyi qətnamənin kobud şəkildə pozulması sonrakı dövrlərdə, o cümlədən 1982-ci və 2006-cı illərdəki İsrail-Livan qanlı qarşıdurmasının başlanğıcını qoymuşdur. Fələstinin müstəqilliyini nəzərdə tutan BMT qətnamələrinin yerinə yetirilməsi üçün İsrailin siyasi dairələrinə heç bir təzyiq göstərməyən ABŞ, əksinə dünya neftinin üçdən ikisinə malik olan Yaxın Şərqdə konfliktlərin mövcudluğuna çox maraqlıdır. Odur ki, İsrailin regionda zor vasitəsi kimi istifadə edilməsinə üçün onun silahlandırılmasına durmadan yardım göstərilir.

2006-cı ilin yayında baş verən İsrail-Livan qarşıdurması da keçən əsrin 50-ci illərindən başlayaraq ABŞ-ın Yaxın Şərq ölkələrindən neft ixracatındakı qeyri –stabilliklə sıx bağlıdır. 1953-cü ildə İranın baş naziri Musaddık tərəfindən neft hasilatının milliləşdirilməsi, sonralar isə onun ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən devrilməsi ABŞ-ın İrana və İran neftinə girişinə imkan yaratsa da, neftin dayanıqlı idxalı üçün Yaxın Şərq ölkələrinin daim nəzarətdə saxlanmasına və dayanıqlı neft təhlükəsizliyinin təmin edilməsinə ciddi ehtiyac hiss edilirdi. 1960-cı ildə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən Neft İxrac edən ölkələrin birliyinin (OPEK) yaradılması da ABŞ və Böyük Britaniyanın Yaxın Şərq nefti üzərində tam nəzarətə təhlükə yaradırdı. 1973-cü ildə Ərəb ölkələrinin ABŞ-a neft ixracatını dayandırması, 1979-cu ildə isə ABŞ-ın «müştəri ölkəsi» olan İranda şah rejiminin devrilməsi və neft hasilatının dövlət nəzarətinə alınması ABŞ-ın gələcəkdə neft təhlükəsizliyində ciddi problemlərin ola biləcəyindən xəbər verirdi. İranda, Liviya və Pakistanda 1979-cu ildə ABŞ əleyhinə davam edən nümayişlər ABŞ-ın neft təhlükəsizliyini tamamilə sual altında qoymuşdur. Məhz həmin dövrdə ABŞ İsrail-Ərəb münaqişəsi kartından istifadə edərək, Yaxın Şərq ölkələrinin onun nəzarətinə qaytarılmasına ciddi surətdə səy göstərmişdir. 1981-ci ildə İsrailin İraq ərazisini bombalaması və Misirdə İsraillə bağlanmış sülh sazişinin əleyhinə mübarizələrin alovlanması ABŞ-ın Yaxın Şərq siyasətinin əsas mahiyyətinin nədən ibarət olduğunu aydın göstərir. Beləliklə ABŞ öz enerji təhlükəsizliyini təmin etmək üçün növbəti dəfə İsrail-Ərəb konfliktini qızışdırmağa müvəffəq olur.

Fələstin Azadlıq Təşkilatını zərərsizləşdirmək bəhanəsi ilə İsrailin 1982-ci ildə Livana hücumu və ABŞ-ın bu müharibədə İsrailə hər cür yardım göstərməsi, əslində ABŞ-ın sonrakı dövrlər üçün Yaxın Şərqdə nəzərdə tutduğu əməliyyatlara, o cümlədən Iraqın zəiflədilməsinə və onun neft sənayesinin ələ keçirilməyinə hesablanmışdır. ABŞ-ın 1986-cı ildə Liviyanı bombalaması da ABŞ-ın İraqa 1991-ci ildə planlaşdırılan hücumu üçün hazırlıq mərhələsindən ibarət idi. 1994-cü ildə İordaniya və İsrail arasında sülh sazişinin imzalanması ilk baxışda müsbət addım kimi qiymətləndirilsə də, əslində Ərəb dünyasında İraqın “təklənməsinə” və sonrakı dövrlərdə onun neft ehtiyatlarının ABŞ-ın tam nəzarətinə keçməsinə şərait yaratdı.

Yaxın Şərqdə ABŞ-ın təcavüzkar fəaliyyətini və regionda baş verən digər hadisələri obyektiv qiymətləndirmək üçün qeyd etmək lazımdır ki, keçən əsrin 70-ci illərinə nisbətən 90-cı illərdə ABŞ iqtisadiyyatının neftdən asılılığı təqribən iki dəfə artmışdır. Bu dövrlərdə öz iqtisadiyyatını davamlı və ucuz neftlə təmin etmək üçün ABŞ nəinki İraq nefti, həmçinin Fars körfəzi və Xəzər dənizi regionunda olan neft yataqları, o cümlədən İran və Azərbaycan nefti ətrafında da mübarizəsini genişləndirmiş, regionu nəzarətdə saxlamaq üçün ciddi geosiyasi problemlər və həlli çətin olan konfliktlər yaratmışdır. Müqayisə üçün deyək ki, əgər 2002-ci ildə ABŞ İraqdan gündə yalnız 459 barel xam neft ala bilirdisə, İraqın 2003-cü ildə İraqın işğalından sonra təqribən 115 milyard barel ehtiyatı olan İraq nefti tamamilə ABŞ hərbi qüvvələrinin nəzarətindədir.

Hazırda ABŞ dövlətinin yaxın dövrlər üçün əsas məqsədi həm İraqda, həm də Yaxın Şərqin digər dövlətlərində əldə edilmiş bu ehtiyatın təhlükəsizliyinin nəyin bahasına olursa olsun qorunmasından və imkan daxilində artırılmasından ibarətdir. Qeyd edək ki, regionda ABŞ tərəfindən yaradılan və həll edilməsi müşkülə çevrilən regional konfliktlərin idarə edilməsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ümdə vəzifələrindəndir.

ABŞ-ın Yaxın Şərqdə əldə etdiyi neft ehtiyatlarının təhlükəsiz istismar edilməsi üçün müvafiq təhlükəsizlik zonalarının yaradılması, yeni neft ehtiyatlarının nəzarətə alınması üçün hərbi-siyasi və iqtisadi zəminin hazırlanması və ABŞ-ın yaxın gələcəkdə yeni işğalçılıq planlarına hazırlıq məqsədi daşıyan 2006-cı il İsrail-Livan müharibəsi Yaxın Şərqin daha ciddi sınaqlar qarşısında olduğundan xəbər verdi.

Təəssüf ki, ABŞ iqtisadiyyatının neftdən asılılığının yaxın illərdə 1973-cü ilə nisbətən təqribən 3 dəfə artacağını nəzərə alsaq, yaxın gələcəkdə İsrail-Ərəb konfliktlərinin soyuyacağına və Yaxın Şərqdə sülh yaranacağına əminlik yoxdur. Təəssüf ki, belə konfliktlər zamanı konfliktləri yaradan və onlardan bəhrələnən qruplar, o cümlədən ABŞ hökuməti və onlara təsir imkanı olan İsrail lobbisi, yox, həm İsrailin, həm də Ərəb dünyasının dinc əhalisi əziyyət çəkir.

"BÖYÜK ŞEYTAN və ya SONUN BAŞLANĞICI" monoqrafiyasından

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



23.09.2014<br /><br />
<br /><br />
0552123003


Son xəbərlər



Kateqoriyanın digər xəbərləri



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768